REGİONLAR
ÖTƏN İL TOVUZDA YÜKSƏLİŞ İLİ OLMUŞDUR
Hesabatda göstərilmişdir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bütün ölkədə oduğu kimi, Tovuz rayonunda da uğurla həyata keçirilir.
Rayonda 9324 yeni, o cümlədən 3643 daimi iş yeri açılmışdır. Bu da yeni işə salınan, fəaliyyəti bərpa edilən müəssisələrin hesabına başa gəlmişdir.
Hesabat ilində xalqımızın böyük oğlu Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün şəhərin mərkəzində “Heydər Əliyev” meydanı yaradılmış və orada ulu öndərin əzəmətli heykəli ucaldılmışdır.
Regionda 4 şadlıq evi, 2 istirahət kompleksi, sutkada 1500 ton asfalt istehsal edən zavod, saatda 80-100 kubmetr beton hazırlayan qurğu, 2000-2005 ton çınqıl istehsal edən zavod, müasir un dəyirmanı, yerli xammaldan tikinti materialları buraxan 5 sex və qurğu, 30\003 meqavat gücündə elektrik yarımstansiyaları, 2 hotel, 4 fəvvarə, 3 məktəb binası, ticarət, iaşə obyektləri istifadəyə verilmişdir.
Məruzədə rayon mərkəzində küçələrin abadlaşdırılmasından, yeni istehsal sahələrinin açılmasından, habelə, kəndarası yolların təmirindən də ətraflı danışıldı. Natiq 2 yağ-süd emalı müəssisəsi, 3 heyvandarlıq kompleksi, 6 kökəltmə məntəqəsi, üzüm və digər meyvələri saxlamaq üçün 2 soyuducunun tikilib istifadəyə verildiyini bildirdi.
Hesabat ilində istehsal olunmuş məhsulun və xidmətlərin həcmi 135,8 min AZN təşkil etmişdir. Bu göstərici 2004-cü illə müqayisədə 49,4 faiz çoxdur.
Natiq rayonda bütün sahələr üzrə göstəricilərin ildən-ilə artdığını, bunun da əhalinin maddi-rifah halının yüksəlməsinə səbəb olduğunu vurğuladı. Aparılan məqsədyönlü tədbirlər sayəsində əldə olunan nailiyyətlərdən, təhsil, səhiyyə, rabitə, nəqliyyat və digər sahələrdə qazanılan uğurlardan bəhs edərək il ərzində yol verilmiş nöqsanlardan da danışdı.
Məruzəçi kənd təsərrüfatı sahəsində rayonun sahibkar və fermerlərinin qazandıqları böyük uğurlardan, xüsusilə, taxılçıların, kartof becərənlərin yüksək məhsul götürdüklərini, respublikada kartof istehsalı sahəsində tovuzluların öndə getdiklərini qeyd etdi və rayonda sahibkarlığın, fermer təsərrüfatlarının inkişafına hər cür kömək göstəriləcəyini bir daha iştirakçıların nəzərinə çatdırdı.
Hesabat məruzəsindən sonra çıxışlar oldu. Sahibkar Əli Qasımov, İsmayıl Hüseynov, rayon prokuroru Əhəd İbrahimov, təhsil şöbəsinin müdiri Şamil Alıyev, gənclər adından Eldəniz Vəliyev çıxış edərək il ərzində görülən işlərdən bəhs etdilər.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi Şirəli Əhədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Nazim Məmmədov iştirak və çıxış etdilər.
Axırda yığıncaq iştirakçıları adından respublika Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.