ELM VƏ TƏHSİL
“OT KÖKLƏRİ VƏ İNSAN TƏHLÜKƏSİZLİYİ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ MÜQAVİLƏLƏR İMZALANMIŞDIR
Bu münasibətlə təşkil olunmuş mərasimi təhsil naziri Misir Mərdanov açaraq, Yaponiya ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən təhsilin inkişafı istiqamətində əməkdaşlığın genişlənməsindən danışmışdır.
Son üç ildə ölkəmizdə 30 məktəbin tikintisinə və tədris müəssisələrinin əsaslı təmirinə Yaponiya hökumətinin göstərdiyi köməyi diqqətə çatdıran nazir, bu gün həmin istiqamətdə daha 5 layihə üzrə müqavilələr imzalanacağını bildirmişdir.
Yaponiyanın Bakıdakı səfiri Toşiyuki Fucivara ölkələrimiz arasındakı əməkdaşlıqdan söhbət açaraq, onun daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Sonra ümumi dəyəri 370 min ABŞ dollarından artıq olan 4 məktəbin tikintisinə və Bakı Avropa Litseyinin əsaslı təmirinə dair layihələrlə bağlı müqavilələr imzalanmışdır.
Müqavilələri Yaponiya tərəfdən səfir Toşiyuki Fucivara, Azərbaycan tərəfdən əlaqədar rayonların təhsil şöbələrinin müdirləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri imzalamışlar.
Mərasimdə çıxış edən natiqlər Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqətə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.