OXUCUNUN KİTABXANAYA HƏDİYYƏSİ
AzerTAg.az
M.F.Axundov adına Respublika kitabxanasının uzun müddət oxucusu olmuş, 40 ildən artıq neft sahəsində çalışan, hazırda isə Azərbaycan Dövlət Neft Şirkətində mətbuat xidməti şöbəsinin rəisi işləyən Məmməd Mirzəyev neft sahəsi ilə bağlı özünün, eləcə də müştərək yazdığı 15 kitabdan 11-ni kitabxanaya hədiyyə etmişdir.
Onlardan biri iki cildlik “Zapiski geoloqa” adlanır. İkinci cilddə dövlətimizin başçısı Heydər Əliyevin neft strategiyasını əks etdirən sənədlər, xarici ölkələrdə görüşləri zamanı neftlə bağlı aparılan bütün söhbətlər xronoloji ardıcıllıqla öz əksini tapmışdır.
“Xəyaldan reallığa” adlandırılan kitabda isə “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft kəməri ilə bağlı oxucuları maraqlandıran bütün məlumatlar verilmişdir. “Qara qızıl ağ səadət rəngində” kitabının 3 cildi çap olunub, 4- cü isə nəşrə hazırlanır. Bu cildlərdə Azərbaycanda həyatını neft sənayesinin inkişafına həsr etmiş insanlardan söz açılır.
Kitabların bəziləri Azərbaycan, bəziləri isə rus dilindədir.
Kitabxananın direktoru Leyla Qafurova hədiyyəni qəbul edərkən bildirdi ki, oxucularımızın yazdıqları kitabları fondumuza hədiyyə etmələri artıq ənənə halı alıb və biz bunu yüksək qiymətləndiririk.
Xəbərin mətnində orfoqrafik səhv var