SİYASƏT
ÖZBƏKİSTANDAKI SOYDAŞLARIMIZ VƏTƏNİN KƏDƏRİNƏ ŞƏRİKDİRLƏR
“Görkəmli dövlət xadimi və siyasi xadim, bütün dünya azərbaycanlılarının lideri, çox hörmətli və sevimli Heydər Əlirza oğlu Əliyevin artıq əbədiyyətə qovuşduğunu eşidəndə burada, Vətəndən uzaqlarda keçirdiyimiz kədər hisslərini sözlə ifadə etmək olduqca çətindir”. Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının üzvləri AZƏRTAC-a göndərdikləri teleqramda öz ağrı-acılarını bu sözlərlə ifadə etmişlər. Teleqramda deyilir ki, tarixi vətəndən uzaqda – Özbəkistanda yaşayan 50 min azərbaycanlı arasında Heydər Əliyevi, hamı üçün örnək və hər cəhətdən nümunə olan bu insanı şəxsən tanıyan çoxlu soydaşımız var. Assosiasiyanın idarə heyətinin sədri A.Ağatalıbov Azərbaycan Prezidenti İlham Əliyevi soydaşlarımız adından əmin edir ki, Özbəkistandakı Azərbaycan diasporu azərbaycanlıların birləşməsi və bütün dünyada Azərbaycan lobbisinin yaradılması işində əlindən gələni əsirgəməyəcəkdir.