DÜNYA
ÖZBƏKİSTANDA MÜSTƏQİLLİK BAYRAMI QEYD EDİLMİŞDİR
Sentyabrın 1-də özbək xalqı müstəqilliyinin 12-ci ildönümünü təntənəli şəkildə qeyd etmişdir. Bu münasibətlə keçirilən mərasimdə prezident İslam Kərimov demişdir ki, 12 il tarixi nöqteyi-nəzərdən çox qısa bir müddət olsa da, Özbəkistan bu illər ərzində yeni həyat, yeni cəmiyyət, demokratik dövlət qurulması yolunda böyük uğurlar əldə etmiş, milli dəyərləri, adət-ənənələri dirçəltmiş, inkişaf etmiş dövlətlər arasında layiqli yer tutmuşdur.
Prezident çıxışının sonunda ölkədə yaşayan bütün xalqların nümayəndələrini müstəqillik bayramı münasibətilə təbrik etmişdir.
Paytaxtın Babur adına parkındakı yay klubu Azərbaycan mədəniyyət mərkəzinin ixtiyarına verilmişdi. Mədəniyyət mərkəzinin sədri İsmayıl Məmmədov buraya toplaşanları təbrik etdikdən sonra söz musiqiyə verilmişdir. Zeynəb Kərimova, Vəli Şirinov, Əlipənah Babayev, Heyran Yusifovun oxuduğu təsnif və xalq mahnılarını, İlham Abdullayevin sazda ifa etdiyi qədim el havalarını soydaşlarımız alqışlarla qarşılamışlar.