SİYASƏT
ÖZBƏKİSTANDA YAŞAYAN AZƏRBAYCANLI QADINLARIMIZ DA FƏALLAŞIRLAR
Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayan azərbaycanlıların daha bir təşkilatı - Qadınlar Şurası təsis olunmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, şuranın Daşkənddəki “Beynəlmiləl Mədəniyyət Mərkəzi”nin binasında keçirilən təsis yığıncağında Səmərqənd, Fərqanə vilayətlərindən, eləcə də Daşkənd və Çirçik şəhərlərindən gəlmiş azərbaycanlı qadınlar iştirak etmişlər. Tədbirdə 13 nəfərdən ibarət idarə heyəti seçilmiş, quruma rəhbərlik Stella Rəhmanovaya həvalə olunmuşdur.
Özbəkistan Azərbaycanlılarının Mədəniyyət Mərkəzləri Assosiasiyasının nəzdində fəaliyyət göstərəcək Qadınlar Şurasının yaradılmasından məqsəd bu regionda yığcam yaşayan soydaşlarımızın təşkilatlanmasına, onların problemlərinin həllinə kömək göstərmək, doğma Azərbaycanın həqiqətlərini Orta Asiya ölkələri ictimaiyyətinin diqqətinə çatdırmaqdır.