ELM VƏ TƏHSİL
OZON TƏBƏQƏSİNİN DAĞILMASININ SÜRƏTİ AZALMIŞDIR
Atmosferin yüksək qatlarında gedən prosesləri müşahidə edən Qərb alimləri Yerin ozon təbəqəsinin dağılması sürətinin sabit şəkildə azalmasını qeydə almışlar. Onların müşahidələrinin nəticələri göstərir ki, ozon təbəqəsinin dağılmasının sürəti, demək olar, iki dəfə azalmışdır.
Mütəxəssislərin fikrincə, Yer kürəsinin kosmik şüalardan qorunmasında mühüm rol oynayan ozon təbəqəsi yaxın 50 ildə tamamilə bərpa oluna bilər. Alimlər hesab edirlər ki, bu müsbət dəyişikliklər, ilk növbədə, ozonun dağılmasına gətirib çıxaran aktiv kimyəvi birləşmələrin istehsalını və istifadəsini dayandırmaq üçün bütün ölkələrin hökumətlərinin gördükləri birgə tədbirlərlə, ilk növbədə, bağlıdır.
Xatırladaq ki, Yerin ozon təbəqəsinin dağılması problemi ötən əsrin 70-ci illərinin axırlarında qaldırılmışdır. Nəticədə, 1987-ci ildə məşhur Monreal protokolu qəbul olunmuşdur. Bu sənəd soyuducu qurğular üçün aerozoldan və qazlarda aktiv kimyəvi maddələrdən istifadə olunmasını qadağan etmişdir.