CƏMİYYƏT
O, həmişə xatırlanacaq…
Bakı, 28 aprel, AZƏRTAC
Görkəmli alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Mərkəzi Klinikada geniş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan klinikanın baş direktoru İxtiyar Sultanov görkəmli alimin həyat və elmi fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. Baş direktor bildirib ki, akademik Zərifə Əliyeva tibb elminin, xüsusilə oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş ittifaq məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb, onun elmi-pedaqoji və ictimai fəaliyyəti yeni həkim nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təkan verib.
Məruzə ilə çıxış edən xəstəxananın aparıcı oftalmoloqu Arzu Eyvazova akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi töhfələrdən, o cümlədən görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrindən söz açıb. Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva tibb elmi sahəsində əldə etdiyi nailiyyətlərə görə keçmiş SSRİ-də oftalmologiya üzrə M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın alim olub.
Xəstəxananın məsul işçisi Nigar İsmayılova vaxtilə görkəmli alimin rəhbərlik etdiyi kollektivdə çalışdığını deyib, akademikin yüksək təşkilatçılıq qabiliyyəti, səmimiyyəti və insanlara xeyirxahlığı ilə bağlı xatirələrini bölüşüb.
Tədbirin sonunda görkəmli alimin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.