CƏMİYYƏT
O illər unudulmur…
Bakı, 22 iyun, AZƏRTAC
Düz 76 il bundan əvvəl iyunun 22-də səhərə yaxın alman faşist işğalçıları heç bir xəbərdarlıq etmədən sovet sərhədlərini pozaraq müharibəyə başlayıblar. Dörd il davam edən amansız müharibədə 640 mindən çox azərbaycanlı əsgər vuruşub və onlardan 300 min nəfərdən çoxu geri qayıtmayıb.
Ehtiyatda olan tibb xidməti polkovniki Ramiz Məlikov da həmin dövrün ağrı-acılarını yaşayan milyonlardan biridir. O, AZƏRTAC-ın müxbirinə deyib: “Atam Məmməd müharibənin ilk günlərindən silaha sarılaraq döyüşə gedib. O, cəbhədən geri qayıtsa da, döş qəfəsindən aldığı qəlpə yaraları 1949-cu ildə onu həyatdan apardı. Əmim Mülkəli, dayım Novruz, bibim oğlanları, xalam oğlanları hamısı müharibənin qurbanı olub. Bibimin toyundan üç gün sonra onun həyat yoldaşı Ağarza Kərimovu səfərbərliyə alaraq müharibəyə aparıblar və müharibənin sonuna qədər ondan heç bir xəbər çıxmayıb. Bir neçə il bundan əvvəl dünyadan köçən bibim Böyükxanım ömrünün sonuna qədər onu gözlədi. Müharibə bizim ailənin, nəslin taleyində çox ağır izlər qoyub”.
Uzun illər hərbi-jurnalist kimi fəaliyyət göstərən Ramiz Məlikov Azərbaycan televiziyasının “Hünər” hərbi-vətənpərvərlik verilişi redaksiyasında da çalışıb. O, 1973-cü ildən 1990-cı ilin yanvarınadək həmin verilişin müəlliflərindən biri və daimi aparıcısı olub. “Hünər”in ssenarisini hərbi-jurnalistlər Məmməd Kazım və Şəmistan Nəzirli qələmə alsa da, onun da ssenari müəllifi olduğu 102 veriliş efirə gedib. Polkovnik xatırlayır: “Hər verilişdən sonra poçtumuza yüzlərlə məktub gəlirdi. Müharibə çoxdan bitsə də, övlad, oğul, qardaş və həyat yoldaşının yolunu gözləyənlərin ümidi üzülmürdü. “Hünər” verilişi neçə-neçə ailənin intizarına son qoyub, müharibədə itkin düşən, həlak olan və qardaş qəbiristanlığında dəfn olunan çoxlu həmyerlimiz haqqında onların doğmalarına məlumat çatdırıb. Bircə faktı xatırlamaq yerinə düşər ki, verilişin apardığı axtarışlar nəticəsində 13 mindən artıq soydaşımızın dəfn olunduğu məzar tapılıb, onların doğmalarının həmin məzarları ziyarət etməsinə kömək göstərilib”.
Polkovnik Ramiz Məlikov ömrünün 80-ci ilinə qədəm qoysa da, hər dəfə müharibədən söz düşəndə onun qəlbində göynərtili xatirələr oyanır...