REGİONLAR
“O olmasın, bu olsun” Gəncə Dövlət Filarmoniyasının səhnəsində
Gəncə, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Gəncədə qastrol səfərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv Gəncə Dövlət Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası ilə çıxış edib.
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tamaşa anşlaqla baş tutub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşada teatrın aparıcı solistləri – Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər İlahə Əfəndiyeva (Gülnaz), Fərid Əliyev (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qoçu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), Təyyar Bayramov (Xanəndə), solistlər Fəhmin Əhmədli (Həsən bəy), Rafiq Abbasov (Məşədi Qəzənfər), Ağaxan Şərifov (Hambal) və başqaları çıxış ediblər.
Səhnə əsərini Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.