CƏMİYYƏT
O, sözün əsl mənasında Suqovuşandan əlidolu geri dönüb...
Bakı, 3 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC
Ailə üzvlərimdən xəbərsiz döyüşə yollananda evə Qələbə ilə dönəcəyimə inanırdım. Çünki əli silah tutan hər kəsin cəbhə bölgəsinə sel kimi axını qarşımıza çıxan hər şeyi darmadağın edəcəyimizdən xəbər verirdi. Elə də oldu. Hər birimiz göydə Allaha, yerdə xalqımıza arxalanaraq irəli atıldıq. O qədər güclü dəstək hiss edirdik ki, bizə ümidlə dikilən gözləri məyus edə bilməzdik. Qarşımıza bir məqsəd qoymuşduq: öldü var, döndü yox. Yalnız və yalnız irəliləmək, düşmənləri torpaqlarımızdan çıxarmaq haqqında düşünürdük. Canımızdan canlar getdi, yaralandıq, mülki vətəndaşlarımız hədəfə alındı, amma yolumuzdan dönmədik. Onların hər bir namərdliyinə əsl kişi kimi yalnız döyüş meydanında cavab verdik. Düşmən öz adına yaraşanı etdi, Azərbaycan Ordusu da özünə yaraşanı. Sonunda da adımıza layiq Şanlı Zəfər qazandıq.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi qazisi Zakir İmanov deyib.
O, 5 il Daxili Qoşunların xüsusi təyinatlı dəstələrinin tərkibində zabit kimi xidmət edib. Beş illik müqavilə müddəti bitəndən sonra ehtiyata buraxılıb. Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhə bölgəsinə yollanan Zakir İmanov sentyabrın 27-dən noyabrın 10-dək Tərtərin Talış kəndi və Suqovuşan qəsəbəsi, o cümlədən Zəngilan, Füzuli və Ağdərə, istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
O, həmin günləri belə xatırlayır: “Kəşfiyyat taboru olaraq ilk tapşırığımız Tərtər rayonunun Talış kəndini və bir neçə strateji yüksəkliyi ələ keçirmək oldu. Tapşırığı müvəffəqiyyətlə yerinə yetirdik. Oradan Zəngilana, bir gün sonra Füzuliyə göndərildim. Düşmənə sarsıdıcı zərbələr vurandan sonra yenidən Talış kəndi istiqamətinə yollandıq. Talış kəndini quldurlardan tam təmizləyəndən sonra növbəti hədəfimiz Suqovuşan oldu. Ermənilərin mövqeyi strateji cəhətdən çox əlverişli idi, kameralarla bizi izləyirdilər. Buna baxmayaraq, irəli gedirdik. Sonra məni tank əleyhinə tağıma keçirdilər. Suqovuşanda yüksəkliklər uğrunda qızğın döyüşlər gedirdi. Döyüşlərin birində düşmənin atdığı minaatan mərmisinin qəlpələri ayağıma və onurğa sütunuma tuş gəldi. Məndən başqa da yaralılar var di. Köməyə döyüş yoldaşlarım və sanitarlar gəldilər, lakin atəş altında olduğumuzdan təxliyə alınmırdı. Bir müddət aranın sakitləşməsini gözlədik. Düşmən hara gəldi atır, biz isə cavab verirdik. Süngü bıçağını qızdırıb ayağımdakı qəlpəni çıxardım. Onurğa sütunumdakı qəlpə isə qaldı. Döyüş meydanından çıxmaq istəməsəm də ağrılarım artdığı üçün bir gün hospitalda müalicə alası oldum, səhəri gün isə geri qayıtdım. Hazırda qəlpə onurğa sütunumda qalmaqdadır.
Müharibənin son günlərində bizi Ağdərə istiqamətinə göndərdilər. Noyabrın 10-u gecə saatlarında isə Ermənistanın kapitulyasiya aktına imza atdığı və müharibənin bitdiyini xəbər verdilər”.
Zakir İmanov Vətən müharibəsindən sözün əsl mənasında əlidolu gəlib. Belə ki, döyüşlərin birində düşmənin Suqovuşanda tankı savaş meydanında qoyub qaçdığını bildirən qazi ilk dəfə məhz həmin vaxt tank sürməyi öyrəndiyini diqqətə çatdırıb. Onun silahdaşları ilə birgə qənimət kimi götürdüyü tank sonradan Bakıya gətirilib, Hərbi Qənimətlər Parkında, sonra Zəfər paradında nümayiş etdirilib. Daha sonra isə istifadəyə yararlı olduğu üçün Ordumuza təhvil verilib.
“Bu gün Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinin azad edilməsindən iki il ötür. Bu tarix mənim üçün çox böyük məna ifadə edir. Döyüş yolumun əsas hissəsi Suqovuşan qəsəbəsi və Talış kəndindən keçdiyindən həmin ərazilərlə bağlı xatirələrim çoxdur. Orada Zəfəri də yaşamışam, sevinci də, kədəri də. Suqovuşanda yaralandım, hərbi qəniməti məhz oradan gətirdim. Müharibədən sonra Suqovuşan və Talış kəndinə baş çəkəndə həm qürurlandım, həm də şəhid olan döyüş yoldaşlarımla bağlı xatirələrimi yada salıb kövrəldim. Suqovuşan qəsəbəsi və Talış kəndinin azad edilməsi uğrunda döyüşlərdə çiyin-çiyinə savaşdığımız, o cümlədən Zəfərə gedən yolda bərabər addımladığımız silahdaşlarımızdan şəhadətə ucalanlara Allah rəhmət eləsin, qazilərimizə isə şəfa diləyirəm. Şanlı 44 günün bir parçası, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusunun əsgəri olmaqdan qürur duyuram”, - deyə Z.İmanov bildirib.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Zakir Yusif oğlu İmanov ölkə başçısının sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.