İQTİSADİYYAT
Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə barədə seminar keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycan Banklar Assosiasiyası ilə birgə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatının dəstəyi ilə seminar təşkil olunub.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqsəd "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində maliyyə sektorunda çalışan əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Bank və digər maliyyə təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatları və bu əməliyyatlara qarşı mübarizə tədbirlərinə həsr olunub.
"MasterCard Worldwide" beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroğlu ödəniş kartları vasitəsilə aparılan əməliyyatlarda fırıldaqçılıq halları üzrə son tendensiyalar, beynəlxalq təcrübədə daha geniş yayılmış dələduzluq halları və onlara qarşı mübarizə tədbirləri, habelə innovativ ödəniş həllərinin tətbiqi zamanı nəzərə alınacaq amillər haqqında ətraflı məlumat verib.
Tədbirdə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən tətbiq olunacaq yeniliklər barədə məlumatlar açıqlanaraq müzakirə mövzuları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda palatanın icraçı olduğu əsas tədbirlərdən biri də rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasıdır.