İQTİSADİYYAT
Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunmuş seminar keçirilib
Bakı, 23 may, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud potensialın daha da artırılması istiqamətində seminar keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində təşkil olunan seminar ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.
Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarəedilməsi üzrə eksperti tərəfindən bu sahədə müşahidə olunan son trendlər, daha geniş yayılmış dələduzluq halları və onlara qarşı mübarizə tədbirləri, habelə tətbiq olunan proqram yenilikləri və statistik göstəricilər haqqında ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin informasiya texnologiyaları sahəsində mövcud inkişaf tempi və kiberhücumlara qarşı təhlükəsizlik tələblərinin möhkəmləndirilməsinin zəruriliyini nəzərə alaraq MBNP-nin banklara ünvanladığı təhlükəsizlik tələbləri açıqlanıb.
Daha sonra qeyd olunan mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılaraq, ödəniş xidmətləri sahəsində qarşıda duran prioritet hədəflər iştirakçılara təqdim edilib.