CƏMİYYƏT
Odessa Ədəbiyyat Muzeyində Nəsiminin 650 illiyinə həsr olunmuş mərasim keçirilib
Odessa, 15 noyabr, AZƏRTAC
Odessa Ədəbiyyat Muzeyində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Odessadakı konsulluğunun, Odessa meriyasının, şəhər ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, Azərbaycan diasporunun və müxtəlif icmaların üzvləri iştirak ediblər.
Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Nəsiminin həyat və yaradıcılığından danışılıb, “Böyük Nəsimi” adlanan videoçarx nümayiş olunub, Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusufun dahi şairin “Sığmazam” qəzəli əsasında bəstələdiyi musiqi kompozisiyası təqdim edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev azərbaycanlı icmasının Odessadakı fəaliyyətini, böyük Azərbaycan şairinin yubileyinin burada qeyd olunmasını, yerli ictimaiyyətin Nəsimi yaradıcılığına göstərdiyi maraq və ehtiramı yüksək qiymətləndirib. O, Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan yaxın dostluq münasibətlərinin inkişafından və perspektivlərindən danışıb.
Tədbir çərçivəsində təşkil edilən Azərbaycan guşəsində milli mətbəximizin nümunələri təqdim olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa