İDMAN
Odina Əliyeva: Əsas məsələ ikinci mərhələyə keçməyimizdir
Tokio, 4 oktyabr, AZƏRTAC
Əsas məsələ növbəti mərhələyə yüksəlməyimizdir. Buna çox sevinsək də, Tailand yığması ilə oyunda məğlubiyyət bizi bir qədər məyus etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadınlar arasında voleybol üzrə dünya çempionatının birinci qrup mərhələsində Tailand yığması ilə oyunu şərh edən millimizin kapitanı Odina Əliyeva deyib.
O.Əliyeva qeyd edib ki, komandanın üzvləri bir qədər dincəldikdən sonra ikinci mərhələyə hazırlaşacaqlar. İlkin mərhələdə yol verdiyimiz səhvləri nəzərdən keçirərək onları aradan qaldırmağa çalışacağıq.
Azərbaycan millisinin baş məşqçisinin köməkçisi Famil Ağayev bildirib: “Tailand yığması ilə oyunda qalib gəlməyi çox istəyirdik. Təəssüf ki, buna nail ola bilmədik. Tailand komandasının çox güclü hücum sistemi var idi və biz buna cavab verə bilmədik. Bundan əlavə komanda da problemlər var və növbəti mərhələyədək onları aradan qaldırmalıyıq. Tailand komandası müdafiədə yaxşı oynayaraq hücumlarımızın 70 faizinin qarşısını ala bildi”.
Tailand yığmasının baş məşqçisi Danay Şrivahamaytakkul da Azərbaycan millisinin oyununu yüksək qiymətləndirərək deyib: “Azərbaycan yığması çox güclü komadadır və yüksək səviyyəli oyun nümayiş etdirməyə qadirdir. Bu, çox ağır oyun idi. Buna baxmayaraq, komandamız qalib gəldi və mən bununla fəxr edirəm”.
Çempionatın C qrupunda Azərbaycan millisi ilə Tailand yığması arasında oktyabrın 4-də keçirilən görüş 1:3 hesabı ilə rəqiblərin xeyrinə başa çatıb. Buna baxmayaraq, Azərbaycan millisi dünya çempionatının ikinci qrup mərhələsinə vəsiqə qazanıb və mübarizəni oktyabrın 7-də Osaka şəhərində davam etdirəcək. Qaydalara görə, ikinci mərhələdə mübarizə hər birində 8 komanda olan iki qrupda aparılacaq. Bu qruplarda I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaq. Voleybolçularımız növbəti mərhələdə Çin, İtaliya, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə eyni qrupda mübarizə aparacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio