REGİONLAR
“Odlar Yurdu” Gənclər İctimai Birliyi yeni layihəsini təqdim edib
Gəncə 23 iyul, AZƏRTAC
Gəncədə “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Prezident yanında Gənclər Fondunun və şəhər icra hakimiyyətinin dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Gələcək vəd edən həqiqətlər: Gənclər və multikulturalizm” adlı layihənin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, həmçinin ölkədə fəaliyyət göstərən QHT və ictimai birliklərin təmsilçiləri, fəal gənclər iştirak ediblər.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin rəhbəri Nigar Ələsgərova təşkilatın 4 ildə gördüyü işlərdən bəhs edib. O, cari ilin dövlətimizin başçısı tərəfindən “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdıraraq, yeni layihəni keçirməkdə məqsədin gənclərə multikulturalizmin mahiyyətini izah etməkdən ibarət olduğunu bildirib.
Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında gənclərə multikulturalizmin Azərbaycan modelinin mahiyyətini izah etmək və öyrətmək üçün layihənin önəmini vurğulayıb.
Tədbirdə çıxış edən digər qonaqlar da multikulturalizmin Azərbaycanda yalnız dövlət siyasəti deyil, həm də əsrlərlə formalaşan dostluq və sülh şəraitində birgəyaşayışın ən gözəl nümunəsi olduğunu söyləyiblər.
Mərasimdə birliyin 4 illik fəaliyyətinə dair hesabat videoçarxı nümayiş olunub. Eyni zamanda, birliyin fəaliyyətinə dəstək olan şəxslər təltif edilib.
Qeyd edək ki, layihə iştirakçıları iyulun 22-də Gəncə şəhəri ilə tanış olublar. İştirakçılara multikulturalizm və onun əhəmiyyəti haqqında seminar-təlimlər keçiriləcək, həmçinin qrup işləri aparılacaq.
Layihənin sonunda gənclərə sertifikatlar təqdim olunacaq.