REGİONLAR
“Odlar Yurdu” İctimai Birliyi Avropa İttifaqı və bir sıra beynəlxalq qurumlara bəyanat ünvanlayıb
Gəncə 6 iyul, Rauf Hacıyev, AZƏRTAC
“Odlar Yurdu” Gənclər İctimai Birliyi Ermənistan hərbi birləşmələrinin iyulun 4-də dinc azərbaycanlı əhalinin yaşadığı Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın (Quliyeva) qətlə yetirilməsi, digər kənd sakininin isə ağır yaralanması ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanat Avropa İttifaqı və bir sıra beynəlxalq qurumlara göndərilib.
Bəyanatda deyilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi 30 mindən çox insanın ölümünə səbəb olub. 1994-cü ildə tərəflər arasında atəşkəs elan olunsa da, erməni tərəfi bu atəşkəsə əməl etmir. Növbəti belə təxribat iyulun 4-də baş verib. Füzuli rayonunun Alxanlı kənd sakini olan 2 yaşlı Quliyeva Zəhra Elnur qızının qətli dünyada İnsan Hüquqlarının və Uşaq zorakılığına qarşı mübarizənin beynəlxalq qurumlar tərəfindən lazımi səviyyədə aparılmadığını bir daha sübuta yetirdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsi, üstəlik ATƏT-in Minsk qrupunun məsələyə ikili standartlarla yanaşması davamlı olaraq Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərin törədilməsinə, nəticədə çoxsaylı dinc insan itkisinə səbəb olur.
Regionda sülhün və əməkdaşlığın qorunması üçün Azərbaycan tərəfindən atılan addımlar göz önündədir. Azərbaycan beynəlxalq qurumlar qarşısında verdiyi söz və öhdəliklərə hər zaman əməl edir və elə bu səbəbdən də müharibə variantına əl atmamaq və beynəlxalq hüquq normalarını pozmamaq üçün böyük səbir nümayiş etdirir. Azərbaycan Ordusunun istənilən vaxt öz torpaqlarını geri almaq üçün kifayət qədər gücü və qüvvəsi var. Ermənistan silahlı qüvvələrinin davamlı olaraq atəşkəsi pozması artıq bu səbri tükəndirir və Azərbaycanı müharibə yolunu seçməyə vadar edir.
Dünyada sülhü və ədaləti bərqərar etmək və qorumaq üçün təsis olunan beynəlxalq qurumlar, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqe nümayiş etdirmir, BMT-nin 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsinə göz yumulur. Biz, özündə yüzlərlə gənci birləşdirən “Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq bəyan edirik ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və bu istiqamətdə tədbirlərin sürətli şəkildə reallaşdırılmasını dəstəkləyən tədbirlərin həyata keçirilməsini tələb edirik.