İDMAN


“Odlar Yurdu” komandası İsveçrədə qar polosu üzrə dünya kubokunda tamaşaçıları heyran edib

Bakı, 27 yanvar, AZƏRTAC 

İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qar polosu üzrə dünya kuboku turnirinə yekun vurulub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Fondunun dəstəyi, ARAF-ın təşkilatçılığı ilə turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası avropalı tamaşaçılara polonun Vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı olmasını nümayiş etdirib.

Yanvarın 25-də Azərbaycan komandası “St. Moritz” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə yüksək qələbə əzmi nümayiş etdirən təmsilçimiz rəqib komandanın ciddi müqavimətinə baxmayaraq, qalib gələrək finala vəsiqə qazanıb.

Günün ikinci oyununda “Mazerati” komandası “Badrutt’s Palace Hotel” klubuna qalib gəlib. Üçüncü yer uğrunda “Mazerati” və “Badrutt’s Palace Hotel” komandaları qarşılaşıblar. Görüşdə “Mazerati” komandası rəqibindən üstün olub.

“Land of Fire” final görüşündə turnirin ən güclü komandası sayılan “St. Moritz” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsinin yaşandığı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Beləliklə, təmsilçimiz turnirdə ikinci yeri tutub.

Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Eyni zamanda, turnirin ən yaxşı oyunçusu, komandası və atı nominasiyaları üzrə qaliblərə mükafatlar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Polo Federasiyasının təşkilatçılığı ilə polo üzrə 13-cü Avropa çempionatı sentyabrında 10-20-də Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.