CƏMİYYƏT
Odlu silahdan atəş açaraq ölüm hadisəsi törətmiş çoban saxlanılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Goranboy rayon sakini Sərxan Mirzəyevin əlindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalarla rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən S.Mirzəyevin xəsarəti çoban yoldaşı, İmişli rayon sakini Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində aldığı müəyyən edilib.
Dərhal keçirilmiş təxirəsalınmaz tədbirlərlə A.Astanov İmişli rayonunun ərazisində saxlanılıb.
İstintaq-əməliyyat tədbirləri ilə A.Astanovun həmin gün axşam törətdiyi daha bir ağır cinayətin üstü açılıb. Belə ki, həmin şəxsin Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyənləşib.
Cəsədin və cinayət zamanı istifadə edilmiş tüfəngin tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.