CƏMİYYƏT
Odre Azule Beynəlxalq Novruz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib
Bakı, 10 mart, AZƏRTAC
UNESCO-nun baş direktoru Odre Azule 21 mart - Beynəlxalq Novruz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.
AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, müraciətdə bu bayramın insanın yaradıcı potensialının hüdudsuz imkanlarını üzə çıxardığı bildirilir. Bu yaradıcılıq bayram kostyumlarının, rəqslərin, yeməklərin, poetik və musiqi əsərlərinin, idman və sənət yarışlarının müxtəlifliyində özünü göstərir. Adət-ənənələrin çoxu təbiətin oyanışı ilə bağlıdır və ətraf mühitə qayğı ilə yanaşmağı öyrədir. Bu adət-ənənələr onu göstərir ki, mədəniyyət və irs dayanıqlı inkişafın ən güclü hərəkətverici qüvvəsi, bilik və yaradıcılığın tükənməz mənbəyidir. UNESCO təkcə tarixi abidələrin, maddi obyektlərin və təbii landşaftların qorunmasına deyil, həm də adətlərin, inancların, biliklərin qorunmasına səy göstərir. Onların tam şəkildə qorunub saxlanması kollektiv yaddaşdan və dəyərləri nəsildən-nəslə ötürmək bacarığından asılıdır. Beynəlxalq Novruz Günü bu bayramın əsasında dayanan sülh və harmoniya ideallarına qoşulmağa və bu dəyərləri yaymağa çox gözəl imkan yaradır.
Müraciətin tam mətnini UNESCO-nun saytından oxumaq mümkündür.
Xatırladaq ki, 2010-cu ildən Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisinin qətnaməsinə əsasən martın 21-i Beynəlxalq Novruz Günü kimi qeyd olunur.