CƏMİYYƏT


Oduncaq tədarükünə başlanılıb

Bakı, 8 iyul, AZƏRTAC

Qışa hazırlıq məqsədilə oduncaq tədarükünə start verilib. Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərin əhalisinə dəyəri ödənilmək şərti ilə veriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov jurnalistlərə açıqlamasında deyib.

Xidmət rəisi bildirib ki, şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə kənd ağsaqqalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai fəallar oduncaq tədarükü prosesinə dəvət olunur. Bu işdə yaxından iştirak etmək istəyən ictimaiyyət nümayəndələri üçün nazirliyin rəsmi internet səhifəsində (http://eco.gov.az/az) oduncağın tədarükü və satışı həyata keçirilən rayonların adı, meşə sahəsi, tədarük yeri, vaxtı barədə əvvəlcədən məlumat verilir.

Onun sözlərinə görə, hazırda bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların sanitar qırıntısı prosesinə hazırlıq gedir. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir.

N.Xıdırov bu işlərdə yerli icra nümayəndələrinin, bələdiyyələrin köməyinin, dəstəyinin çox zəruri olduğunu və onlar tərəfindən oduna ehtiyacı olanların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb: “Odun əldə etmək istəyən vətəndaşların və təşkilatların Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etmələri tövsiyə olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.