CƏMİYYƏT


Ofis şəraitində işləyənlər sağlam qidalanmaqla yanaşı aktiv hərəkətlər də etməlidirlər

Bakı, 29 iyul, AZƏRTAC

Uzun müddət hərəkətsiz vəziyyətdə qalmaq insan orqanizmində bir çox fəsadlar yaradır, artıq çəki problemi, yaddaş zəifliyi və digər xəstəliklərə səbəb olur. Oturaq iş rejimində çalışanlar belə problemlərdən daha çox əziyyət çəkirlər.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: “Yetkin hər kəs gün ərzində 150 dəqiqə aktiv fəaliyyətlə məşğul olmalıdır. Oturaq həyat tərzi bir çox xroniki xəstəliklərin yaranmasına aparıb çıxara bilər. Məsələn, ikinci növ şəkərli diabet, piylənmə, xroniki ürək xəstəliyi və ümumi dayaq-hərəkət aparatında problemlər yaradan patologiyalara səbəb olur”.

Ofis şəraitində işləyənlərdə psixoloji gərginlik, özünəqapanma kimi hallar da yaranır. Onlarda tez-tez depressiya müşahidə olunur. Həkim-terapevt deyib: “Gün ərzində beyin işlədiyi üçün qanda şəkərin miqdarı azalır və bu zaman yemək ehtiyacı çoxalır. Belə şəraitdə işləyənlər sağlam qidalanmaqla yanaşı aktiv hərəkətlər də etməlidirlər. Qidalanma zamanı ən çox tərəvəz salatları və taxıl məhsullarından istifadə olunması, işarası fasilələrdə alma, ərik, armud, naringi kimi meyvə və quru meyvələr qəbul edilməsi məsləhətdir. Həmin məhsullar həm antioksidant xüsusiyyətinə, həm də orqanizmi enerji ilə təmin etmək keyfiyyətinə malikdir. Yığıncaq, konfrans və tədbirlər zamanı südlü qəhvə və quru meyvə qəbul etmək olar. Masa və kompüter arxasında oturanlar nə qədər çox maye qəbul etsələr, o qədər faydalıdır. Həmin mayelər sırasına bitki çayları, xüsusilə yaşıl çay, təbii şirələr, ayran, adi saf su daxildir. Qazlı içkilər qəbul etməmək məsləhətdir”.

Mütəxəssislər oturaq işə ara verməyi, həmin müddətdə telefon, planşet və kompüterdən uzaq durmağı tövsiyə edirlər. Fasilə vaxtı göz yorğunluğunu aradan qaldırmaq üçün bəzi məşq hərəkətləri etmək lazımdır. İş saatlarında çoxlu maye qəbul etmək, bol vitaminli yüngül qidalar da sağlamlıq üçün vacib şərtdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.