CƏMİYYƏT


Oftalmoloq Aytən Sultanova: Körpələrin gözlərinin vaxtından əvvəl yüklənməsi arzuolunmaz fəsadlarla nəticələnə bilər

Bakı, 21 sentyabr, AZƏRTAC 

Hazırda rəsmi və qeyri-rəsmi məktəbəqədər hazırlıq kurslarında məktəb yaşına çatmayan və məktəbə tam yetkin olmayan uşaqlara əlifba, kompüter dərslərinin keçirilməsi bir növ dəb halı alıb. Körpələrin beyinlərinin və gözlərinin vaxtından əvvəl bu cür yüklənməsi arzuolunmaz fəsadlarla nəticələnə bilər.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb elmləri doktoru, həkim-oftalmoloq Aytən Sultanova bildirib.

Həkim deyib: “Qazanılmış qüsurların çeşidinin çox olmasına baxmayaraq, onlardan ikisinə diqqət çəkmək istərdim. Bunlar akkomodasiyanın spazmı və quru göz sindromudur. Hər ikisi ayrı-ayrılıqda patologiya olsa da, onları bir-biri ilə üzvü bağlayan, hələ ki tam öyrənilməmiş biokimyəvi proseslər mövcuddur.

Aşkar bildiyimiz kimi 4-5 yaşında uşaqlarda görmə itiliyi normal şəkildə tam inkişaf etməyib. Bu zaman aydın görmənin uzaq və yaxın nöqtələri arasında məsafə dəyişdiyinə görə akkomodasiyanın amplitudası da dəyişmiş olur. Burada söhbət vəhdət halındakı sistemin struktur elementləri arasında balanslaşdırılmış şəkildə paylanmasından gedir. Həmin elementlərin hər birinin müəyyən hüdud daxilində dəyişə bilən forması, ölçüsü, daxili quruluşu və funksiyaları var. Belə ki, akkomodasiyanın gücü, çəkisi və aktivliyi bir neçə amildən, o cümlədən büllurun kapsulu, kütləsi, elastikliyi, sinni bağlarının sərtliyi, siliar cisim əzələlərinin fəallığı, onları innervasiya edən sinirlərin tamlığı və bir sıra digər səbəblərdən asılıdır. Belə olduqda fərqli dalğa uzunluqlu müxtəlif spektrli işıq dalğalarının qəbul olunması üçün qeyd etdiyim biorefeks sistem ikiqat güc sərf edərək çalışmağa başlayır. Bu uzun müddət davam etdiyi təqdirdə həlqəvi və radial əzələləri innervasiya edən parasimpatik və simpatik sinirlər arasındakı balans pozulur, iflic yaranır. Bəzi hallarda isə sinir hüceyrə membranı zədələnir.

İkinci vacib məsələ quru göz sindromudur. Bu problem ən çox arterial, yəni kondisioner havası, çirkli atmosfer, günəş şüaları, monitor arxasında uzunmüddətli fasiləsiz işləmə, kontakt linzalar, məktəb və ofislərdə işıqlanmanın lazımi dərəcədə olmaması kimi bir sıra səbəblə üzə çıxır və gözdə qızartı, işıqdan qorxma, ağrı simptomları ilə özünü büruzə verir.

Gözyaşı pərdəsinin tamlığı pozulduqda gözlərin ovulması daha dərin fəsadlara yol aça bilər. Buynuz qişa eroziyası və xorası nə qədər xoşagəlməz xəstəlik halı hesab olunarsa, bir o qədər də proflaktika və müalicə üçün ciddi tədbirlər almağa sövq edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.