REGİONLAR
Oğullar əsgər gedir VİDEO
Ağsu, 7 yanvar, Adil Ağayev, AZƏRTAC
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 2014-cü il 3 dekabr tarixli Sərəncamına əsasən, Azərbaycan vətəndaşlarının 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması kampaniyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 7-də Ağsu şəhərindəki Heydər parkında bir qrup gəncin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Çağırışçı gənclər əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin, onun Silahlı Qüvvələrinin qurucusu, ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsini ziyarət edib, önünə tər qərənfillər qoyublar.
Sonra Heydər Əliyev Mərkəzinə gələn gənclər burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədlərlə tanış olublar. Mərkəzdə gənclərə Ümummilli Liderin Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması və güclənməsi sahəsindəki misilsiz fəaliyyəti barədə məlumat verilib.
Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə təntənəli yolasalma mərasimi keçirilib.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov, rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Tofiq Kərimov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, milli ordunun formalaşmasında və güclənməsində Ulu Öndərin və onun siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdikləri tədbirlərdən, bu gün ordumuzun müstəqilliyimizin qarantı olmasından ətraflı danışıblar.
Rayon veteranlar təşkilatının sədri Camaləddin Zeynalov, II qrup Qarabağ müharibəsi əlili Allahverdi Qənbərov, valideyn Təranə Mahmudova və başqaları gənclərə uğurlu xidmət arzulayıblar.
Hərbi xidmətə yola düşən gənclər adından çıxış edən Sahil Əliyarbəyli Vətən qarşısında əsgəri borclarını ləyaqətlə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinə hər an hazır olacaqlarını söyləyib.
Hərbi xidmətə çağırış günü doğum gününə təsadüf edən bir neçə gəncə hədiyyələr verilib.
Sonra milli marşın sədaları altında “Şahinlər və cəsurlar”ın təntənəli keçidi olub.
Azərbaycanın üçrəngli bayrağının altından keçən çağırışçı gənclər onlar üçün ayrılmış avtobusa əyləşərək hərbi xidmətə yola düşüblər.