CƏMİYYƏT


Oğurluq etməkdə təqsirləndirilən qazi azadlığa buraxılıb

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Şirvan Apelyasiya Məhkəməsində müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi Aydın Ağazadənin məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinə baxılıb.

AZƏRTAC xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apelyasiya protesti təmin edilib, Cəlilabad rayon sakini Ağazadə Aydın Nəbi oğlu azadlığa buraxılıb.

Xatırladaq ki, Cəlilabad Rayon Məhkəməsinin 2021-ci il 2 fevral tarixli hökmü ilə Aydın Ağazadə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1-ci (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs Aydın Ağazadəyə elan edilmiş ittihamın məhkəmə istintaqı zamanı tam təsdiqləndiyi müəyyənləşdirilib. Bununla belə, təqsirləndirilən şəxsin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınıb və A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə baş prokurorun müavini tərəfindən fevralın 12-də apelyasiya protesti verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.