CƏMİYYƏT
Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Naftalan Şəhər Polis Şöbəsinə sentyabrın 23-də axşam saatlarında fərdi yaşayış evlərinin birində oğurluq hadisəsinin baş verməsi barədə ərizə daxil olub. Zərərçəkən ərizəsində evindən ümumi dəyəri təxminən 11 min manatdan çox olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, hadisə ilə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan 35 yaşlı Səbuhi Səmədov və 31 yaşlı Ruslan Əsgərov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər əməllərini etiraf etməklə bərabər ələ keçirdikləri əşyaları istintaqa təhvil veriblər. Araşdırmalar zamanı, həmçinin məlum olub ki, bu, həmin şəxslərin ilk oğurluq cinayəti deyil.
Belə ki, Ruslan Əsgərov Goranboy rayonunun Balakürd kəndində yaşayan bibisinin evində heç kimin olmadığı və mənzildə xeyli miqdarda qızıl-zinət əşyasının olması barədə dostuna danışdıqdan sonra tərəflər oradan oğurluq etməyi qərarlaşdırıblar. Bibisinin evindən 15 min manatlıq qızıl-zinət əşyasını, 1500 manat pulu talayan Ruslan Əsgərov və cinayət ortağı bir neçə gün sonra eyni üsulla Naftalanda başqa bir mənzili qarət ediblər. Oradan xeyli miqdarda qızıl-zinət əşyası və pul götürsələr də, bu dəfə məsuliyyətdən yayına bilməyiblər.
Faktlarla bağlı araşdırmalar aparılır.