CƏMİYYƏT
Oğurluqla və quldurluqla məşğul olan şəxslər tutulub
Bakı, 2 oktyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları quldurluq və oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş X.Məmmədovun ətrafında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhərdə “Baic” markalı avtomobildən içərisində 773 manat pul və sənəd olan çanta oğurlaması da müəyyənləşdirilib.
Oktyabrın 1-də saat 20 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında bir nəfərə zor tətbiq edib qol saatını almağa cəhd göstərən şəxs ərazidə xidmət aparan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılov olması müəyyənləşdirilib. T.İsmayılov araşdırma aparılması üçün Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə təhvil verilib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.