REGİONLAR


Oğuz-Şəki avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC

Respublika əhəmiyyətli Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9,1 kilometr uzunluğa malik Şəki dairəvi yolunun da (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir-tikinti işləri aparılır. Şəki dairəvi yolunun 6 kilometrlik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3,1 kilometrlik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.

Zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılması, əks-dolğu işləri, qazılmış hissələrdə yol yatağı və yol əsasının inşası, yolboyu mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, yeni səki daşlarının düzülməsi, səki və ayırıcı zolağın tamet daşlarla döşənməsi, yağış-kanalizasiya sisteminin bərpası və yeni sistemin yaradılması, yolun yeni asfalt-beton örtüklə döşənməsi işləri görüləcək.

Oğuz-Şəki avtomobil yolunun 31.5 kilometrlik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Bu məqsədlə yolun hərəkət hissəsinin eninin 9 metrə çatdırılması nəzərdə tutulub. Təmir-tikinti işləri ilə yanaşı, yolboyu zəruri yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görüləcək işlərdəndir. Bundan başqa, 3,4 kilometrlik Oğuz və 3,2 kilometrlik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub. Yenidənqurma işlərinin sonunda isə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirir. Layihənin icrası ilk növbədə Oğuz və Şəki şəhərlərinin, həmçinin yolboyu yerləşən kəndlərdə yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, onların respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki, Muğanlı-İsmayıllı, Şəki-Qax, həmçinin Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına çıxışına imkan yaratmaqla sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.