REGİONLAR
Oğuz rayonunda daha bir avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Oğuz rayonunda Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 32 kilometrlik avtomobil yolunun 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpası işləri görülür. Layihə çərçivəsində sözügedən avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. Bu, uzunluğu 12,9 kilometr olan Padar-Böyük Söyüdlü və 13,1 kilometrlik Böyük Söyüdlü-Çayqovuşan hissələri, həmçinin 6 kilometrlik Qarabulaq kəndinə giriş yolu hissəsidir.
Yeni yol yatağı inşa edilib, həmçinin hər birinin uzunluğu 800 poqonmetr olan "U" şəkilli arx və dəmir-beton küvetlər inşa olunur, bundan başqa, lazımi qalınlıqda yol əsasının inşası işləri görülür. Bunun ardınca isə yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 6 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkil üçün 42 yol nişanının, 960 siqnal dirəyinin və 31 kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.