REGİONLAR


Oğuz ziyalısı: Rəşadətli Azərbaycan Ordusu mənfur düşmənin murdar niyyətlərini ürəklərində qoydu

Oğuz, 20 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın qanı-canı hesabına bizim Azərbaycan adlı müstəqil dövlətimiz var. Bu gün ən müasir silahlarla təchiz edilmiş rəşadətli Azərbaycan Ordusu torpaqlarımıza göz dikmiş mənfur düşmənin indiki nəsillərinin də, onların havadarlarının da murdar niyyətlərini ürəklərində qoymağı bacarıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Oğuz rayonunun sakini, tarix müəllimi Həqiqət Rəsulova söyləyib.

Müstəqil Azərbaycan Respublikasının 20-ci əsrin sonlarından iqtisadi və siyasi inkişaf yoluna qədəm qoyduğunu vurğulayan təhsil işçisi bildirib ki, hərbi cəhətdən güclənmiş Azərbaycan Ordusu 30 ildir işğal altında olan Vətən torpaqlarını azad etmək üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevdən hər an əmr gözləyirdi. 2020-ci ilin iyul-avqust aylarında yaşayış məntəqələrimizə, yüksək rütbəli hərbçilərimizə, dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən sonra Azərbaycan əsgərinə işğal olunmuş torpaqlarımızda erməni terroruna hərbi yolla son qoymaq əmri verildi. Qüdrətli Azərbaycan Ordusu mənfur düşmənimiz olan erməni qəsbkarlarına, cinayətkar və terrorçu Ermənistan dövlətinə, onun siyasi havadarlarına tarixi dərs verdi. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində şanlı ordumuz 300-ə yaxın yaşayış məntəqəsini, xeyli sayda strateji yüksəklikləri mənfur düşməndən azad etdi. İmzalanan kapitulyasiya aktına əsasən, erməni hərbi hissələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərindən çıxarılması üçün onlara dekabrın 1-dək vaxt verildi.

Rayon ziyalısı deyib: “İnanırıq ki, azad olunmuş rayonların sakinləri tezliklə öz tarixi torpaqlarına, yurd-yuvalarına qayıdacaqlar. Qüdrətli Azərbaycan dövləti işğal nəticəsində xarabaya çevrilmiş rayonlarımızı abadlaşdıracaq, erməni vandalları tərəfindən dağıdılmış tarixi abidələrimiz, qalalarımız, məscidlərimiz, dini məbədlərimiz bərpa ediləcək. Bu şanlı zəfərə görə Müzəffər Ali Baş Komandanımıza, rəşadətli ordumuza var olsun deyirik. Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın, rəşadətlə döyüşmüş hərbçilərimizin, əsgər və qazilərimizin boynumuzda tarixi haqqı var. Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş əsgərlərimizin ruhu şad, məkanı cənnət olsun. Azərbaycanın son yüz ildəki hərb tarixinə şanlı səhifə yazan Vətən oğullarına eşq olsun! Qarabağ Azərbaycandır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.