REGİONLAR


Oğuzda Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi yekunlaşır VİDEO

Bakı, 25 iyul, AZƏRTAC

Oğuz rayonu ərazisində Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri artıq yekunlaşır.

Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Uzunluğu 17,5 kilometr olan 2 hərəkət zolaqlı avtomobil yolunun 4-cü texniki dərəcəyə uyğun bərpası işləri tamamlanır.

Aparılan işlər zamanı yolboyu yeni yol yatağı inşa edilib. Buna paralel olaraq, mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülüb. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü boru quraşdırılıb.

Tikinti layihəsinə uyğun olaraq, optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrdə isə yolun asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 100 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Layihə çərçivəsində, tikinti işlərindən sonra yolda hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, həmçinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Yenidənqurma işlərinin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub.

Yolun istifadəyə verilməsi ilə əhalinin R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna çıxışı asanlaşacaq, onların yetişdirdikləri məhsulların rayon mərkəzinə və qonşu rayon bazarlarına rahat daşınmasına imkan yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.