CƏMİYYƏT


Oğuzda “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda müzakirələr aparılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.

DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, Komitə və rayon icra hakimiyyətinin rəhbər şəxslərinin, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, məktəb psixoloqlarının və rayonun aktiv gənclərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ayaz Ağayev rayondakı dini vəziyyət barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən unikal bölgələrindən biridir. Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qardaşlıq və sülh şəraitində yaşayırlar.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, insanlara, xüsusilə gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır. Sədr müavini dini maarifləndirmənin önəminə toxunaraq deyib ki, gənc nəslin tərbiyəsində maarifçilik işi böyük əhəmiyyət daşıyır. Gündüz İsmayılov ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin dərinləşdirilməsi və şagirdlərin bu sahə üzrə məlumatları daha etibarlı mənbələrdən almalarının vacibliyinə də toxunub. Komitənin sədr müavini Prezident İlham Əliyevin milli-dini dəyərlərimizə diqqət və qayğısından, eləcə də DQİDK-nın digər orqanlarla birgə respublikamızda həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışıb. Onu da bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gənclər arasında təbliği istiqamətində hər kəs, o cümlədən müəllimlər fəallıq nümayiş etdirməlidirlər.

Eyni zamanda, tədbirdə DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov mövzu ilə bağlı çıxış ediblər.

Seminar-treninq işini müzakirələrlə davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.