CƏMİYYƏT
Oğuzda avtoxuliqanlıq edən sürücü saxlanılıb
Bakı, 2 may, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, “Opel” markalı 99-HM-794 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən sürücüyə “saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi onu təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq, sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Avtomobilin sürücüsü Bakı şəhər sakini Vəfadar Nəbiyevin həm də sərxoş olduğu müəyyənləşdirilib.
Sürücü V. Nəbiyev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib. Faktla bağlı toplanmış material Oğuz Rayon Məhkəməsinə göndərilib.