REGİONLAR
Oğuzda indiyədək 10 min hektar sahədə payızlıq səpin aparılıb
Oğuz, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 3805 hektarı arpa, 6195 hektarı buğda olmaqla 10 min hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən 1000 tondan çox yüksəkreproduksiyalı toxum fondu ayrılıb. Bundan əlavə, fermerlər səpin üçün lazım olan toxumu digər toxumçuluq təsərrüfatlarından da əldə edirlər.
Xatırladaq ki, builki mövsümdə Oğuz rayonunda 16 min 135 hektar sahənin məhsulu biçilib, 50 min 319 ton taxıl istehsal olunub. Hər hektarın orta məhsuldarlığı 31,2 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 411 ton artıb.