REGİONLAR
Oğuzda indiyədək 16,7 min hektardan çox sahədə payızlıq səpin aparılıb
Oğuz, 18 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Torpaq mülkiyyətçiləri indiyədək 12 min 600 hektarı buğda, 4 min 120 hektarı arpa olmaqla, 16 min 720 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən min tondan çox yüksək reproduksiyalı toxum fondu ayrılıb. Bundan əlavə, fermerlər səpin üçün lazım olan toxumu digər toxumçuluq təsərrüfatlarından da əldə ediblər.
Xatırladaq ki, builki mövsümdə Oğuz rayonunda 16 min 135 hektar sahənin məhsulu biçilib, 50 min 319 ton taxıl istehsal olunub. Hər hektarın orta məhsuldarlığı 31,2 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 411 ton artıb.