REGİONLAR
Oğuzda payızlıq dənli bitkilərin səpininə başlanılıb
Oğuz, 27 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 17 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 12,5 hektarına buğda, 4,5 min hektarına isə arpa səpiləcək. Bir neçə gündür ki, təsərrüfatlarda payızlıq dənli bitkilərin səpininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1700 hektar sahəyə dən üçün arpa, 900 hektara isə buğda toxumu səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Bildirilib ki, səpin aparılacaq sahələrin şumlanması artıq başa çatdırılıb. Səpin üçün 4,1 min ton arpa və buğda toxumu tələb olunur. Rayonda fəaliyyət göstərən 4 toxumçuluq təsərrüfatı tərəfindən indiyədək min tondan çox yüksək reproduksiyalı toxum fondu ayrılıb. Ayrılmış toxum təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib. Bundan əlavə, fermerlər səpin üçün lazım olan toxumu digər toxumçuluq təsərrüfatlarından da əldə edirlər.
Xatırladaq ki, builki mövsümdə rayonda 16 min 453 hektar sahənin məhsulu biçilib, 53 min 576 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,6 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 3 min tondan çox artıb.