REGİONLAR
Oğuzda taxıl biçininə 81 kombayn cəlb olunub
Oğuz, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Oğuz rayonunda 16 min 135 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 11 min 970 hektarını buğda, 4 min 165 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini sürətlə davam etdirilir. Bu günədək 3 min 990 hektar arpa və 8 min 55 hektar buğda sahəsinin məhsulu biçilib, 37 min 258 ton taxıl istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 30,9 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tədarük olunan taxılın 12 min 449 tonu arpa, 24 min 809 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 31,2 sentner, buğda sahələrindən isə 30,8 sentner məhsul götürülüb. Rayon üzrə ən yüksək məhsuldarlıq toxumçuluq təsərrüfatlarında qeydə alınıb. Belə ki, rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatının taxıl sahələrində hər hektardan orta hesabla 60 sentnerədək məhsul götürülür.
Hazırda sahələrdə 81 taxılbiçən kombayn işləyir. Kombaynların 27-si ətraf rayonlardan gətirilib.