REGİONLAR
Oğuzda tibbi müayinədən keçənlərin 337 nəfəri ambulator müalicəyə cəlb olunub
Oğuz, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Oğuz rayonunda da mütəşəkkil qaydada davam edir. Fevralın 12-də başlanan aksiya çərçivəsində bu günədək 11 min 502 nəfər sakin tibbi müayinədən keçərək öz sağlamlıqları barədə məlumat əldə edib.
Oğuz Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon üzrə 18 yaşdan yuxarı 32 mindən çox vətəndaşın tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub. Müayinələrin keçirildiyi mərkəzi xəstəxananın kollektivi bu məsul aksiyaya ciddi hazırlaşıb. Müayinələr zamanı ultrasəs, rentgen və digər tibbi aparatlardan geniş istifadə olunur. Xəstəxananın laboratoriyasında müxtəlif qan analizlərinin aparılması üçün müasir tələblərə cavab verən zəruri tibbi avadanlıq var. Xəstəxanaya gəlmək imkanı olmayan sakinləri evlərində müayinə etmək üçün səyyar həkim briqadası da yaradılıb.
Mərkəzi xəstəxananın baş həkiminin verdiyi məlumata görə, rayonun 34 yaşayış məntəqəsindən 17-də tibbi müayinələr artıq başa çatıb. Müayinə olunanların 337 nəfəri ambulator, 105 nəfəri isə stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 28 nəfər daha geniş müayinə və müalicə üçün Bakı şəhərinin tibb müəssisələrinə göndərilib.