REGİONLAR
Oğuzda tütünün əkin sahəsi 2,4 dəfədən çox artırılıb
Oğuz, 2 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu il oğuzlu fermerlər 269 hektar sahədə tütün yetişdirirlər. Tütünün əkin sahəsi əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılıb. Tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Rayonun bəzi təsərrüfatlarında bir neçə gündür tütün yığımına da başlanılıb. Sahələrdən yığılan yaşıl tütün kütləsi qurudulmaq üçün rayonda fəaliyyət göstərən emal məntəqələrinə təhvil verilir.
Tütün istehsalçılarının işini asanlaşdırmaq üçün iki ildir ki, rayonun Bucaq və Bayan kəndlərində tütünqurutma kameraları quraşdırılıb. Əvvəllər isə oğuzlu fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalırdılar. Bu isə əlavə vaxt itkisinə, artıq xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu.
Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.