REGİONLAR
Oğuzda yeni suvarma mövsümünə hazırlıq işləri görülür, dağ çaylarında daş-beton bəndlər qurulur VİDEO








Oğuz, 9 mart, AZƏRTAC
Oğuz rayonunda növbəti suvarma mövsümünə hazırlıq işləri davam edir. Rayonun 24 kəndində 10650 hektardan artıq suvarılan torpaq sahələrinə xidmət edən Oğuz Suvarma Sistemləri İdarəsi balansında olan torpaq məcralı kanallarda lildən təmizləmə və kanalların beton üzlüyə alınmasını həyata keçirir. Əkin sahələrinin suvarılması üçün 570 kilometr kanal və arxlardan istifadə olunur. Həmin kanal və arxların 112 kilometri birinci dərəcəli, 460 kilometri isə ikinci dərəcəli arxlardır. Kanal və arxların 90 faizi torpaq məcralıdır. Əsas su mənbəyi yağış, qar suları və yeraltı sulardır.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarə tərəfindən hər il mütəmadi olaraq kanal və arxlarda mexanizmlərlə lildən, kol-kosdan təmizləmə işləri aparılır. Su itkisinin qarşısının alınması məqsədi ilə rayonda kanalların betonlaşdırılması işlərinə start verilib. 2021-ci ildə idarə ümumilikdə 64 kanal və 3 kollektorda 306 kilometr hissədə lildən təmizləmə işləri görüb.
Oğuz Suvarma Sistemləri İdarəsi balansında olan əkin sahələrinin suvarılması ilə yanaşı, rayon ərazisində yerləşən yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təşkil edir. Çay məcralarının təmizlənməsi istiqaməti üzrə Xal-Xalçay, Türyançay, Oğuzçay, Daşağılçay və Qalaçay sistemlərində mexanizmlərlə təmizlənmə işləri aparılıb. Qalaçay sisteminin sağ və sol sahilində 120 kubmetr qabion bəndi qurulub və mövcud daş beton bəndlərin dördündə təmir-bərpa işləri aparılıb. Hazırda idarənin texnikaları Qalaçay sistemində bu işlərə cəlb olunub.
Rayonda əkinçilikdə əsasən taxılçılıq, tütünçülük və meyvəçilik üstünlük təşkil edir. Ötən il əkilmiş 4256 hektar ərazidə taxıl, 173 hektar tütün, 315 hektar qarğıdalı bitkiləri, 3885 hektar çoxilliklər - fındıq, qoz, meyvə və yonca sahələri ümumilikdə 3 dəfə suvarılıb.