REGİONLAR


Oğuzlu Əməkdar müəllim: Gəncə erməni təcavüzünə qarşı müqavimət simvoluna çevrilib

Oğuz, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Döyüş meydanında bir-birinin ardınca ağır və sarsıdıcı zərbələr alan mənfur düşmən bütün beynəlxalq hüquq qaydalarını pozaraq, Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Beyləqan Füzuli, Goranboy və digər ərazilərdə mülki əhalini hədəfə alır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombardman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir. Ermənistanla atəşkəs razılaşmasından bir gün sonra cəbhə zonasından xeyli aralıda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin düşmən tərəfindən raket atəşinə tutulması, mülki əhalinin qətlə yetirilməsi sadəcə öhdəliklərin kobud şəkildə pozulması deyil, həm də hərbi cinayət, terror aktıdır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Oğuz ziyalısı, Əməkdar müəllim, rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Rəşid Nurməmmədov söyləyib.

Rayon ziyalısı bildirib ki, insanların gecə saatlarında evlərində dinc şəkildə yatdığı bir vaxtda onlara qəsdən və məqsədyönlü zərbələrin endirilməsi terrorizmin bir növüdür və beynəlxalq hüquq baxımından belə bir əmr verən, bu əmri icra edən hər kəs terrorçudur. Əhali arasında çaşqınlıq və qorxu yaratmaq məqsədi daşıyan və insanlığa sığmayan bu erməni vandalizmi nəticəsində 10 nəfər dinc sakin həlak olsa da, 40-dək mülki şəxs yaralansa da, bu terror hadisəsi gəncəliləri qorxutmayıb, əksinə, dünyanın bir sıra ölkələrinin mətbu orqanlarında da qeyd olunduğu kimi, Gəncə erməni təcavüzünə qarşı müqavimət simvoluna çevrilib.

Erməni siyasi hərbi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı mövqelərindən əl çəkməyərək, sentyabrın 27-də səhər saatlarında işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini növbəti dəfə ağır artilleriya silahlarından atəşə tutması 30 ilə yaxın müddət ərzində səbirlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbir kasasını daşdırdığını vurğulayan Əməkdar müəllim deyib: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ermənistana, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qətiyyətli, birmənalı mövqeyi olmayan dövlətlərə ünvanladığı "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır”, “Qarabağ Azərbaycandır!" bəyanatı Vətənin taleyini düşünən hər bir Azərbaycan vətəndaşının məsuliyyətini artırır. Rəşadətli Ordumuz tərəfindən əks-həmlə hücumu ilə düşmən ordusu nəinki susdurulub, eyni zamanda, işğal altında olan bir sıra yaşayış məntəqələrimiz azad edilib. İnanırıq ki, üçrəngli Azərbaycan bayrağı tezliklə işğal altında olan digər torpaqlarımızda da dalğalanacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.