REGİONLAR
Oğuzun 26 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb
Oğuz, 17 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Oğuz rayonunda mütəşəkkil qaydada davam edir. Rayonda fevralın 12-də başlanan aksiya çərçivəsində bu günədək 20 min 515 nəfər tibbi müayinədən keçib.
Oğuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon üzrə 18 yaşdan yuxarı 32 mindən çox vətəndaşın tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub. Rayonun 34 yaşayış məntəqəsindən 26-da, həmçinin 78 idarə, müəssisə və təşkilatda tibbi müayinələr başa çatıb.
Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, indiyədək müayinə olunanların 625 nəfərinə ambulator müalicə təyin edilib, 145 nəfər stasionar müalicəyə cəlb olunub, 6 xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 65 nəfər daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinin tibb müəssisələrinə göndərilib.
Vətəndaşlar insanların sağlamlığının qorunmasına yönələn bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.