REGİONLAR
Oğuzun daha üç kəndində modul tipli məktəblər quraşdırılır
Oğuz, 24 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun Mollalı, Baş Daşağıl və Xaçmazqışlaq kəndlərində tam orta məktəblər üçün quraşdırılan hər biri 96 şagird yerlik modul tipli binalarda tikinti işləri artıq yekunlaşmaq üzrədir. Yeni məktəb binalarının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, bu təhsil ocaqları indiyədək uyğunlaşdırılmış və ya qəzalı vəziyyətdə olan binalarda fəaliyyət göstərib. Bundan əlavə, 2017-ci ildə rayonun Yemişənli və Qarabaldır kəndlərində ümumi orta məktəblər üçün hər biri 96, Xalxalqışlaq kəndində isə ibtidai məktəb üçün 20 yerlik modul tipli binalar quraşdırılaraq şagirdlərin istifadəsinə verilib. Ümumiyyətlə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son 10 ildə Oğuz rayonunda 17 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 modul tipli bina quraşdırılıb, 4 məktəb binası isə əsaslı təmir olunub.