Oğuzun kəndlərində yeni subartezian quyuları qazılır
AzerTAg.az
Oğuz, 22 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 13 aprel tarixli Sərəncamının icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Oğuz rayonunda 10 subartezian quyusunun qazılması nəzərdə tutulub. Bu quyuların istismara verilməsi nəticəsində 12 min nəfərdən çox əhalinin yaşadığı 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.
Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Sərəncamın icrası çərçivəsində rayonun Kərimli və Padar kəndlərində yeni subartezian quyularının qazıntısı işləri artıq yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması həyata keçirilir. Yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni quyuların qazılmasına başlanılacaq. Bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2019-cu illər ərzində Oğuz rayonunda 37 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyulardan 6-sı ötən il qazılıb.

Xəbərin mətnində orfoqrafik səhv var