REGİONLAR
Oğuzun muzey işçiləri ətraf mühitin mühafizəsi işinə töhfə verirlər
Oğuz, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə ekologiya və ətraf mühitin mühafizəsinə həsr olunmuş “Təbiət anadır, anamızı qoruyaq!” adlı maarifləndirici aksiya keçirilib. Əsas məqsəd insan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin tullantılardan təmizlənməsi prosesinə gəncləri, könüllüləri cəlb etmək, yaşıllıqlarının, su hövzələrinin təmiz saxlanılmasına diqqəti artırmaq, ətraf mühitin mühafizəsi işinə töhfə verməkdir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev məlumat verib.
Bildirilib ki, aksiya çərçivəsində Oğuz çayının yatağında, qəbiristanlığa gedən körpünün ətrafında və digər ərazilərdə təmizlik işləri aparılıb, ərazilər tullantılardan təmizlənib.
Aksiyada muzeyin kollektivi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərən “Könüllülər” dərnəyinin üzvləri iştirak ediblər.