REGİONLAR
Oğuzun taxıl sahələrində hər hektardan məhsuldarlıq 4-5 sentner artıb
Oğuz, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Cari mövsümdə Oğuz rayonunda 16 min 395 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda rayonun təsərrüfatlarında taxıl biçini sürətlə davam etdirilir. Bu günədək 14 min hektardan çox zəminin məhsulu biçilib, 42 min 755 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 29 sentner təşkil edir. Məhsuldarlıq ötən ilin eyni dövrü ilə müqayisədə 4-5 sentner artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının məsul nümayəndəsi Qəmzə Süleymanova məlumat verib.
Qurumun rəsmisi bildirib ki, təsərrüfatlarda arpa biçini artıq başa çatıb. Fermerlər 4 min 565 hektar arpa sahəsindən 13 min 238 ton məhsul götürüblər. Buğda biçini isə hələlik davam edir. İndiyədək buğda zəmilərindən 30 min tona yaxın məhsul tədarük olunub. Rayon üzrə taxıl biçininə 45-dək kombayn cəlb edilib.