SİYASƏT
Oistervijk şəhərində mayın 28-i Azərbaycan Günü elan edilib
Brabant, 28 may, AZƏRTAC
Niderlandda Brabant əyaləti Azərbaycanlıları Məclisinin təşəbbüsü və Avropa Azərbaycanlıları Konqresinin dəstəyi ilə 28 may tarixi Brabant əyalətinin Oistervijk şəhərində Azərbaycan Günü kimi rəsmi olaraq qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan bayrağının Oistervijk şəhər meriyası üzərində ucaldılması ilə bağlı şəhərin meri Hans Janssenin rəsmi qərarı olub.
Azərbaycanın üçrəngli bayrağı şəhər meriyası qarşısında, eləcə də bir sıra dövlət və inzibati binaların qarşısında ucaldılıb.
Mer Hans Janssen Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımova ünvanlandığı rəsmi məktubunda Azərbaycan xalqını və Avropada yaşayan azərbaycanlıları Şərqdə ilk Azərbaycan Demokratik Respublikanın 102-ci ildönümü münasibətilə təbrik edib, dost Azərbaycan xalqına əmin-amanlıq diləyib.
Xatırladaq ki, Niderlandın Milli Qəhrəmanı və Medo ləqəbi ilə tanınmış Məmməd Məmmədov Brabant əyalətinin Oistervijk şəhərində yaşayıb və bu şəhərdə dəfn edilib. Şəhərin küçələrindən birinə M.Məmmədovun adı verilib və onun şərəfinə xatirə lövhəsi inşa edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Brabant