İDMAN


Oksana Parxomenko: Qızlarımız sonadək mübarizə aparacaqlar və ən böyük arzumuz qalib gəlməkdir

Tokio, 2 oktyabr, AZERTAC 

Qızlarımız sonadək mübarizə aparmaq əzmindədirlər və ən böyük arzumuz qalib gəlməkdir.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin meneceri Oksana Parxomenko dünya çempionatının ilkin qrup mərhələsində komandamızın oyununu şərh edərkən deyib.

O.Parxomenko qeyd edib ki, Yaponiyada keçirilən çempionatın ilkin qrup mərhələsinin iki oyunu artıq arxada qalıb. Qızlarımız istər birinci oyunda hazırkı dünya çempionları ABŞ millisinə, istərsə də ikinci oyunda Cənubi Koreya komandasına qarşı yaxşı oyun nümayiş etdiriblər. Dünya çempionlarına qarşı layiqli oyun göstərən komandamız çox təəssüf ki, məğlub olub. Cənubi Koreya komandası ilə görüş isə qızlarımızın qələbəsi ilə başa çatıb. Ən əsası qızlarımız axıradək mübarizə aparmaq əzmindədirlər və ən böyük arzumuz qələbədir.

ABŞ yığması ilə oyunu şərh edən O.Parxomenko əlavə edib ki, birinci setin sonunda yol verilən səhv və nəticədə məğlubiyyət komandanın psixoloji durumuna mənfi təsir göstərib. Elə alınıb ki, sanki sürətlə qaçan komandaya birdən “dayan” işarəsi verilib. Bunun qızlarımıza çox pis təsir etdiyi ikinci setdə aydın görünürdü və onlar özlərini ələ almaqda çətinlik çəkirdilər. Həm də unutmaq lazım deyil ki, ABŞ yığması çox güclü komandadır və bu da oyunun son nəticəsində öz sözünü dedi.

Koreya Respublikasının oyunundan razı qaldıqlarını vurğulayan O.Parxomenko bu oyunda da müəyyən səhvlərə yol verildiyini etiraf edib. Məhz bu səhvlərdən sonra həmin komanda bir seti götürməyə nail olub. Bəzən belə də olur, səhvsiz oyun mümkün deyil. Bəzən rahatlaşırsan, əmin olursan ki, toplar arasındakı fərq kifayət qədərdir. Məhz bu andan istifadə edən Cənubi Koreya komandası asanlıqla təslim olmayacağını göstərdi.

Növbəti oyunun oktyabrın 2-də Rusiya yığması ilə olacağını xatırladan menecer komandamızın bütün üzvlərinin ilk növbədə yaxşı oyun göstərmək əzmində olduğunu bildirib. Rusiya komandası həqiqətən də çox güclü komadadır. Amma bu heç də o demək deyil ki, biz bu oyunu asanlıqla onlara verəcəyik. Əminəm ki, komandamızın bütün üzvləri də bunu yaxşı başa düşürlər ki, qalib gəlmək üçün əlimizdən gələn hər şeyi etməli, axıradək mübarizə aparmalıyıq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.