İQTİSADİYYAT
Oksford Universitetində keçirilən konfransda Azərbaycanın startap ekosistemi barədə məlumat verilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Birləşmiş Krallığın Oksford Universitetində keçirilən “Rəqəmli İqtisadiyyatın İnkişaf Təsirləri” mövzusunda beynəlxalq tədqiqat qrupunun növbəti konfransında Azərbaycanın startap ekosistemi barədə məlumat verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Krallığın İqtisadiyyat və Sosial Tədqiqatlar Şurasının maliyyə dəstəyi ilə Oksford İnternet İnstitutunun təşkil etdiyi konfransda rəqəmli iqtisadiyyatın inkişaf etməkdə olan ölkələrin inkişafına təsiri məsələləri müzakirə olunub.
İkigünlük konfransda Azərbaycanda rəqəmli iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər də müzakirə edilib. Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabarov beynəlxalq tədqiqat qrupunun üzvü olaraq, konfransda geniş təqdimatla çıxış edib. Təqdimat ölkəmizin startap ekosisteminin inkişafı və dövlət-özəl qurumların tərəfdaşlığının bu inkişafa təsiri mövzusuna həsr edilib.
Nüfuzlu beynəlxalq universitetlərin professorlarının, beynəlxalq təşkilatların rəqəmli iqtisadiyyat üzrə ekspertlərinin, inkişaf etməkdə olan ölkələrin rəqəmli iqtisadiyyat üzrə aparıcı mütəxəssislərinin qatıldığı konfransda ölkəmizin rəqəmli iqtisadiyyatın inkişafı baxımından bir sıra inkişaf etməkdə olan dövlətlərdən irəlidə olduğu vurğulanıb.