Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin beynəlxalq elmi konfransı keçirilib VİDEO

London, 16 iyun, AZƏRTAC

İyunun 11-də Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan “Brasenose” kollecində (https://www.bnc.ox.ac.uk) Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti beynəlxalq elmi konfransı keçirilib. “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusuna həsr olunmuş konfransda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri professor Robert Hoyland, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri professor Nərgiz Paşayeva, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin aparıcı professoru Edmund Hertsiq, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü professor Eberhard Zauer, Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı doktor İrina Şinqiray, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının (AEB) aparıcı arxeoloqu, “Brasenose” kollecinin üzvü doktor Pol Vordsvors, Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi aspirant Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin aspirantı Kristen Hopper və Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne iştirak ediblər. Beləliklə, tədbirdə Oksford Universitetinin alimləri ilə bərabər, Şotlandiyanın Sent Andryus Universitetindən, ABŞ-ın Harvard və Pensilvaniya universitetlərindən, həmçinin Rusiya Elmlər Akademiyasından gələn alimlər də çıxış ediblər.

Konfransın əvvəlində açılış nitqləri ilə çıxış edən Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru Robert Hoyland və Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Nizami Gəncəvi Mərkəzinin artıq iki ilə yaxındır ki, fəaliyyət göstərdiyini qeyd ediblər. Professor R.Hoyland Nizami Gəncəvi Mərkəzinin yaradılmasında özünün və həmkarı Nərgiz Paşayevanın xüsusi elmi marağını qeyd edib, Mərkəzin ümumi akademik dəyərinə, əhəmiyyətinə və elmi uğuruna inandığını vurğulayaraq deyib: “Əminəm ki, bu konfrans və elmi araşdırmalar elm dünyasında maraqla qarşılanacaq və növbəti daha geniş tədqiqatlar üçün qapı olacaq”. Daha sonra o, dünyanın müxtəlif ölkələrindən konfransda iştirak etmək üçün Oksford Universitetinə gələn bütün alimlərə minnətdarlığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Professor N.Paşayeva dünyanın ən nüfuzlu təhsil ocaqlarından sayılan Oksford Universitetində belə bir konfransın keçirilməsindən böyük məmnunluğunu ifadə edib. O deyib: “Konfransda iştirak edən dəyərli alimlərə öz ehtiramımı bildirmək istərdim. Professor Hoylandın dediyi kimi, artıq iki ilə yaxındır ki, biz rəsmi əməkdaşlıq edirik. Bizim gözləntilərimiz, planlarımız və ümidlərimiz çox böyükdür və biz Nizami Gəncəvi Mərkəzinin bu 5 illik elmi-tədris proqramını birdəfəlik təşəbbüs və keçici mərhələ kimi nəzərdə tutmamışıq və tutmuruq. Həqiqət ondan ibarətdir ki, bir çox elmi-nəzəri məsələlər, problemlər uzaq keçmişdən bu günə qədər öz həllini gözləyir. Qeyd etmək lazımdır ki, sovet dövründə elmi metodologiya təhrif olunmuş bir sistem kimi fəaliyyət göstərirdi. Bir çox hallarda tarixi faktlar dəyişilmiş, həqiqi elmi mülahizələr isə vulqar, sosioloji təmayüllərə məruz qalırdı. Misal üçün, Azərbaycan tarixi haqqında kitablar və dərsliklər yenidən işlənib hazırlanmalıdır. Bu gün bölgəyə (Qafqaz) dünya elmi kontekstində böyük bir maraq var. Xəzərətrafı ərazilər həmişə bir çox xalqlar və müxtəlif etnik qruplar ilə zəngin olub. II-III əsrlərdə bir-birindən uzaqda olan iki böyük imperiya - Roma və Çin imperiyaları arasında bir bağlantı yarandı. Bu bağlantıya səbəb bir əşya, bir amil – ipək oldu. Məhz ticarət ilə bağlı olan amil demək olar ki, bütün dünyanı birləşdirdi, yolları acdı, məlumatlar sıxlaşdı və Qafqaz xalqları daxil olmaqla regionun bir çox xalqları bu prosesə qatıldılar. Məlumdur ki, etnogenez məsələsi tarixin ən müşkül məsələlərindən biridir. Alimlər qeyd edir ki, bir xalqın yaranması üçün inkubasiya dövrü 500 il davam edə bilər. Beləliklə, suallar az deyil, öyrənilməmiş məqamlar da çoxdur. Mən çox şadam ki, biz professor Hoylandın rəhbərliyi altında Bərdədə arxeoloji qazıntılar apararaq arxeoloqların, antropoloqların, tarixçilərin, şərqşünasların, ədəbiyyatçıların, dilçi alimlərin müştərək köməyi və əməyi ilə bu boşluqları doldura bilərik. Oksford kimi məşhur elm ocağında bu əhəmiyyətli işin görülməsinin xüsusi dəyəri, çəkisi var. Özüm haqqında bircə onu deyə bilərəm ki, 34 ildir mən universitetdə çalışıram və üç böyük universitet - Bakı Dövlət, Moskva Dövlət universitetləri və son üç ildə isə möhtəşəm Oksford Universiteti mənim həyatımın böyük, mühüm bir parçası olub. Əsas odur ki, bizim apardığımız elmi araşdırmaların müsbət, dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunmuş bir nəticəsi olsun və gələcək tələbələrimiz araşdırmalardakı boşluqları doldurmaq üçün obyektiv - Oksford Universitetinin malik olduğu baxışa sahib olsunlar”. N.Paşayeva çıxışının sonunda bu yoldan keçən, həyatdan köçmüş alimlərin ruhuna ehtiram ifadə edib, həyatını elmə sərf edən bütün insanların qarşısında baş əydiyini bildirərək konfransın işinə uğurlar arzulayıb.

Konfransda Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü professor Eberhard Zauer “Yerli şəraitə uyğunluq: Sasani imperiyasının şimal sərhədinin İberiyaya qədər müdafiəsi” mövzusunda çıxış edib. Son illər ərzində İranda və Gürcüstanda həmkarları ilə birlikdə apardığı arxeoloji qazıntılar nəticəsində professor Zauerin gəldiyi nəticə budur ki, Sasani imperiyası IV-V əsrlər arasında romalıların yaratdığı müdafiə sistemindən daha güclü bir sistem yaratmış və bu sistem yerli şəraitə uyğunlaşmaqla bərabər yaratdığı irriqasiya sistemlərinin köməyi ilə urbanizasiya və əhali artımına səbəb olmuşdur. İnteraktiv təqdimat ilə edilən çıxışda professor E.Zauer irəli sürdüyü düşüncələri, iranlı və gürcü həmkarları ilə birlikdə gəldiyi qənaətləri Gürcüstandakı Dariali keçidində və İrandakı Kürgan divarı boyu aparılan arxeoloji qazıntıların nəticələri əsasında aşkara çıxmış sübutlarla əsaslandırdı. Professor E.Zauer Sasani imperiyasının böyük ambisiyalarının bütün Trans-Xəzər ərazilərinə təsir etdiyini söyləyib və gələcəkdə davam etdiriləcək arxeoloji qazıntıların bu istiqamətdə daha çox elmi sübutlar təqdim edəcəyinə inandığını vurğulayıb.

Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode “Qafqaz - müxtəlif mədəniyyətlərin kəsişməsində” mövzusunu təqdim edərək kimmerlərin, skiflərin, sarmatların və alanların Qafqaz dağları ərazilərindəki təsirindən danışıb. Professor Z.Dode xüsusi olaraq sovet dövründə mövcud olan ideoloji təzyiqlər nəticəsində Çindən Bizansa qədər ərazini əhatə edən coğrafi məkanın öyrənilməsində mühüm olan türk komponentinin bilərəkdən çıxarılmasını qeyd edib və bundan sonra tədqiqatların yeni istiqamətdə aparılmasının və tarixi ədalətin bərpasının vacibliyini bildirib.

Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev “Dərbənd şəhəri İslam mərkəzi kimi: Müsəlmanların ibadət yerlərinin tapılması və öyrənilməsi (VII-XIII)” mövzusunda danışdı. Professor M.Hacıyev Dərbəndin (Bab əl-Əbvab) bir çox əsrlər boyu xüsusilə Səlcuqların dövründə hərbi-siyasi, ticarət, dini, ideoloji mərkəz kimi fəaliyyət göstərməsi və bu dövr ərzində sənaye şəhəri kimi tanındığını qeyd edib. 2014-cü ildə arxeoloji qazıntılar zamanı Dərbənddə su təchizatı sisteminə bağlı olan müsəlman ibadət yeri aşkar edilmişdi. X-XIII əsrlərə aid edilən bu ibadət yeri su təchizatı ərazisində olduğu üçün dini ibadətdən öncə dəstəmaz və qüsl alınmasına imkan verirdi. İbadət yerinin arxeoloji qazıntılar zamanı tapılan qəbirlərini və ərəb dilində yazılarını interaktiv təqdimat ilə iştirakçılara təqdim edən professor M.Hacıyev bu yerin Dərbənddə X-XIII əsrlərdə dini mərkəz kimi fəaliyyət göstərdiyini bildirib.

Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə “Sasani dövlətinin və erkən İslam dövrünə aid Muğan çölünün (İran Azərbaycanı) yaşayış məntəqələrinin əlaqələri və kollapsı” barədə iştirakçılara elmi məruzəsini təqdim edib. Doktor K.Əlizadə Sasani imperiyasının Muğan düzündə suvarma sistemi və urbanizasiya məqsədləri haqda danışaraq deyib: “Elmi sübutlara əsasən demək olar ki, artıq eramızın VII əsrindən etibarən Sasani imperiyasının yaşayış qəsəbələri və suvarma sistemi istifadədən çıxmışdı”. Doktor K.Əlizadə öz çıxışında Muğan düzündə apardığı arxeoloji qazıntılar nəticəsində aşkara çıxmış bu sübutlara əsasən Sasani imperiyasının məhz bu suvarma və yaşayış qəsəbə sisteminin fəaliyyətinin dayandırılması nəticəsində süquta uğramasına dair fərziyyə irəli sürüb.

Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi aspirant Lara Fabian “Şimali və Cənubi Qafqazın qarşılıqlı əlaqəsi: Xəzər dənizi sahillərində “Sarmatlar məsələsi”nə dair məruzə ilə çıxış edərək sarmatların və alanların Böyük Qafqaz dağlarındakı rolundan bəhs edib. Sarmatların və alanların etnik mənsubiyyəti, hansı dövrdən tarix səhnəsinə çıxması kimi suallarla çıxışını başlayan Lara Fabian yunan və latın mənbələrini və sovet dövründə ərazidə aparılan arxeoloji qazıntıları qeyd edərək bu günədək sarmatların və alanların kimliyini və bu ərazilərdə nə məqsədlə yaşadığını elmin hələ də dəqiq ortalığa çıxarmadığını qeyd edib. O bildirib ki, apardığı araşdırmalar nəticəsində Simali Qafqazla bağlı müxtəlif etnik qrupların Cənubi Qafqaz ərazisindəki iştirakı (son Sarmat dövründə) çox güclü idi.

Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin aspirantı Kristen Hopper “Sasani sərhədlərində rabitə əlaqələri: İranın şimal-şərqində Kürgan düzənliyində keçid yolları” adlı elmi məruzə ilə çıxış edib. Bildirib ki, son illərdə Sasani imperiyası dövrünə aid bir çox xəritələr və qədim mənbələr ilə aparılan iş maraq doğurur. O, Kürgan düzənliyi ərazisində və onun ətrafında olan yolların qədim mənbələrdə qeyd olunduğunu bildirərək müasir dövrdə peykdən görüntülər əsasında yaradılan xəritələrin indiyədək aşkar edilməmiş bu və ya digər qədim keçid yollarının aşkara çıxarılmasının vacibliyindən danışıb. 2007-2008-ci illərdə Rekavandinin və 2013-cü ildə Vilkinson və başqa alimlərin yazdıqları “Kürgan divarı layihəsi” kitabında qədim mənbələrdəki keçid yolları haqqında məlumatlar arxeoloji qazıntılar və peykdən çəkilən görüntülərlə müqayisə olunduğunu, Sasani dövründəki keçid yolları haqda daha dəqiq məlumatlar əldə etmək imkanını müzakirə etdiklərini bildirib.

Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı doktor İrina Şinqiray “Xəzər “ehtirasları”: Məhərrəmlik qaydaları və erkən orta əsrlər Türk-Fars dünyasında köçəri əlaqələr” mövzusunda çıxış edərək Xəzər dənizi ətrafında (eramızın I minilliyinin ortaları) Türk-Fars köçəri qruplarının yas mərasimlərindən ən yüksək siyasi səviyyədən yerli icmalara qədər siyasi məqsədlər üçün istifadə etdiklərini qeyd edib. Türk-Fars sərhədlərində məhərrəmlik qaydalarından özünəməxsus istifadə edərək köçəri tayfalar oturaq tayfalarla müntəzəm qaydada əlaqədə olmuş və bu qaydaların Xəzər bölgəsi ərazisində və kənarda yayılmasına təsir etmişlər. İslamın gəlişindən sonra bu yas mərasimləri şiə İslamı kontekstində Kərbəla müsibətinə aid edilmişdi.

Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının aparıcı arxeoloqu, “Brasenose” kollecinin üzvü doktor Pol Vordsvors “Xəzəryanı sahillərdə (X-XII əsrlər) Bərdə və əyalət şəhərləri” haqda danışıb. Bərdə şəhərində arxeoloji ekspedisiyanın baş arxeoloqu olan doktor P.Vordsvors yazılı mənbələr ilə qazıntıların ortalığı çıxardığı nəticələri müqayisə edərək qənaətə gəlmişdir ki, bu günədək tarix elminin Bərdənin şəhər kimi X əsrdən sonrakı süqutu və Gəncə şəhərinin çiçəklənməsi qənaəti həqiqətə uyğun deyil. Bərdə şəhərində aparılan arxeoloji qazıntıların nəticəsində elmə yeni məlum olmuşdur ki, XI əsrdə bu şəhər Xəzər dənizi boyu başqa şəhərlərlə birgə genişlənmiş və çiçəklənmişdir. Bundan əlavə, bu dövrdə hər regiona məxsus malların paylanması və peşə növləri arasında oxşarlıqlar bu şəhərlərin, Bərdə daxil olmaqla, şəhər mərkəzləri və Trans-Xəzər regionu ilə sıx əlaqəli olduğu göstərilir.

Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne “Xəzər dənizinin şimal-şərq sahilinin arxeologiyası” mövzusunda çıxış edib. Qeyd edək ki, Ətraf Mühitin İdarə Olunması Təşkilatı (http://www.erm.com) ətraf mühit və təhlükəsizliyin qorunması ilə bağlı şirkətlərə və təşkilatlara məsləhət verən ən aparıcı qurumlardandır. Çarlz de Kesne son illərdə Xəzər dənizinin şimal-şərqində qazax və beynəlxalq arxeoloqların apardığı qazıntılar zamanı bir çox qədim məskənlər tapıldığını qeyd edib. Bu məskənlər Xəzər dənizində suyun səviyyəsinin qalxıb-enməsi ilə bağlı olub, regionun mədəni və iqtisadi əlaqələrinə təsir etmişdir. Çarlz de Kesne Xəzər dənizinin ətrafındakı ərazilərin Ətraf Mühitin İdarə Olunması Təşkilatı tərəfindən yaradılan xəritələrini təqdim edərək bu sahələrdə ayrı-ayrı dövrlərə aid olan məskənlər və müxtəlif məqsədlərlə yaşamış insanlar haqda məlumat toplamaq üçün daha çox arxeoloji işə ehtiyac olduğunu qeyd edib.

Konfransa yekun vuran Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professoru Edmund Hersiq əvvəlcə konfransın mövzusu olan V-XIII əsrlərdə Trans-Xəzər əlaqələrinin, bu günə qədər elmdə çox az araşdırıldığını qeyd edib. İndiyədək bu sahədəki araşdırmaların professor Z.Dodenin çıxışında göstərildiyi kimi, yanlış istiqamətdə aparıldığını qeyd edən E.Hersiq bu mövzuda hələ çox şeyin öyrənilməli olduğunu deyib. Böyük coğrafi məkanı və uzun dövrü əhatə edən çıxışlardan İrina Şinqirayın köçəri tayfaların yas mərasimlərinin sonradan İslamın şiə təriqətinin ənənəsi çərçivəsində məhərrəmlik və aşuraya təsirini, aspirant Lara Fabianın çıxışında çoxsaylı yerli xalqların və ondan fərqli olaraq professor Zauerin çıxışında sırf olaraq Sasanilərin müdafiə sisteminə həsr etdiyi məruzəni qeyd edib və onların bir kontekstdə qarşılıqlı surətdə əlaqələnməsinin müzakirəsinə ehtiyac olduğunu bildirib. O deyib: “Məsələn, Eberhardın çıxışında biz Sasanilərin güclü bir imperiya olduğunu, sərhədlərinin müəyyən olunmasında və düşmənə qarşı qorunmasında bildiklərimizi bir daha arxeoloji qazıntıların bizə verdiyi sübutlar əsasında görürük. Laranın çıxışında isə bəlli olur ki, tam fərqli olaraq bir çox xalqlar bir-birinə qarışıb və müəyyənlik yoxdur. Düşünürəm ki, biz bu iki aspekti hələ də birləşdirə bilməmişik”.

Ətraf mühit və ətraf mühitin insanların torpaq istifadəsinə təsiri haqda da bir çox fikirlərin qeyd olunduğunu deyən professor E.Hersiq Çarlz de Kesnenin çıxışına diqqət çəkərək bu sahədə daha çox arxeoloji işə ehtiyac duyulduğunu bir daha vurğulayıb. Harvard Universitetinin doktoru Kərim Əlizadənin də çıxışını xatırladan professor E.Hersiq Sasanilərin dövründə suvarma sisteminin süquta uğraması haqdakı fərziyyələrin birbaşa ətraf mühitdəki dəyişikliklərlə əlaqəli olduğunu diqqətə çatdırıb. Bu mövzuların, xüsusilə ətraf mühitin tarixi hadisələrə təsirinin adətən tarixçilər arasında müzakirə olunmadığını deyən E.Hersiq bugünkü konfransda onların səslənməsinin vacibliyini vurğulayıb.

Arxeologiyanın bu məsələlərdəki önəmli rolunu vurğulayan professor E.Hersiq bir tarixçi kimi söyləyib ki, Sasanilərin yazılı tarixi mənbələri onların daha çox dini müzakirələrə maraq göstərdiyi, böyük imperiya ambisiyalarına malik olmadıqları təəssüratını yaradır. Lakin Sasani dövrünə aid olan bütün arxeoloji qazıntılar bunun əksini, yəni, Sasanilərin çox böyük ambisiyalara malik olduğunu və dünyada ən güclü ordu qurmaq istəyini göstərir. Bu isə dünya elminin Sasanilər haqqında biliklərini köklü şəkildə dəyişir. Professor E.Hersiq o dövrdə yolların, çayların, suvarma sistemlərinin, dağarası keçidlərin, qalaların vasitəsilə rabitənin yaradıldığını qeyd edib. Xəzər dənizindən isə gəmilərin bir əlaqələndirici keçid kimi istifadəsindən qədim mənbələrin az qeyd etdiyini söyləyib. Bunun səbəbini bilmək üçün o, auditoriyadakı alimlərə müraciət edib. Doktor İ.Şinqiray və professor Paşayeva bu suala cavab olaraq Xəzərin təhlükəli dəniz olmasını əsas gətiriblər və mənbələrdə onun haqqında az qeydlər olduğunu söyləyiblər. Professor N.Paşayeva Xəzərin dünyada üçüncü ən təhlükəli su hövzəsi olmasının artıq qəbul edilmiş fikir olduğunu və bu səbəbdən yazılı mənbələrin onun adının səyahət olunan dəniz kimi az hallandığını xatırladıb.

Sonda Edmund Hersiq Oksfordda Nizami Gəncəvi Mərkəzini yaradan professorlar Nərgiz Paşayevaya və Robert Hoylanda dərin minnətdarlığını bildirib. Qeyd edib ki, beş il öncə belə bir Mərkəzin məhz Oksfordda yaradılması inanılmaz bir hadisə kimi görünürdü. Bu gün isə artıq Oksford Universitetinin rəsmi hissəsinə çevrilmiş bu Mərkəz Rusiyadan, ABŞ-dan, Azərbaycandan və Avropanın bir çox şəhərlərindən gələn alimlərin iştirakı ilə beynəlxalq səviyyədə konfrans təşkil edir.

Oksford Universitetinin “Brasenose” kollecinin rəhbəri, Britaniyanın Ali Məhkəməsinin sədr müavini, Britaniya Kraliçasının ədliyyə məsələləri üzrə müşaviri titulunu daşıyan Con Bauers professor Nərgiz Paşayeva ilə görüşüb

Konfransdan bir gün əvvəl, iyun ayının 10-da professor N.Paşayevanın mühüm, işgüzar bir görüşü olub. Bu görüş Oksford Universitetinin “Brasenose” kollecinin rəhbəri, Britaniyanın Ali Məhkəməsinin sədr müavini, Britaniya Kraliçasının Ədliyyə Məsələləri üzrə müşaviri titulunu daşıyan Con Bauers ilə idi. Con Bauers N.Paşayevanı salamlayaraq tanışlıqdan şad olduğunu bildirib və Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin təşkil etdiyi “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” beynəlxalq konfransının rəhbərlik etdiyi “Brasenose” kollecində keçirilməsindən məmnunluq duyduğunu ifadə edib.

XVI əsrdə yaradılmış “Brasenose” kollecinin məşhur məzunları sırasında Böyük Britaniyanın Baş naziri Devid Kemeronun və Avstraliyanın Baş naziri Malkolm Turnbulun da adları var.

 Söhbət zamanı Con Bauers və N.Paşayeva maraqlı elmi-tarixi məqamlara toxunublar və fikir mübadiləsi aparıblar. N.Paşayeva qeyd edib ki, artıq Oksford Universitetinin hissəsi kimi fəaliyyət göstərən Nizami Mərkəzinin məqsədlərindən biri Azərbaycan alimlərinin elmi işlərini dünya ictimaiyyətinə təqdim etməkdir. N.Paşayeva deyib: “Əfsuslar olsun ki, sovet dönəmində bu işlərin akademik tərcümələri və çapları Avropa dillərində demək olar ki, hazırlanmayıb. Bu səbəbdən bu gün sanki onlar heç mövcud da deyil. Əslində bu kitabların mövcudluğu ilə yanaşı, dəyəri, elmi sanbalı heç də az deyil. Belə həqiqətləri sübuta yetirmək gələcək nəsillərin, savadlı tələbələrin borcudur. Çünki keçmişindən xəbəri olmayan heç bir millət müasir, qabaqcıl sivilizasiyanın bir hissəsinə çevrilə bilməz. Oksford Universiteti isə bütün dünya üçün bir örnəkdir və mühüm bir vasitə kimi bu planların, arzuların həyata keçməsinə güclü təkan verə, köməkçi gedə bilər. Oksford Universitetinin “Brasenose” kollecinin rəhbəri Con Bauers professor N.Paşayevaya Britaniyada təhsil alan azərbaycanlı tələbələr haqqında nə düşündüyü ilə bağlı sual verib. N.Paşayeva deyib ki, Britaniya Türkiyədən sonra azərbaycanlı tələbələrin ən çox olduqları ölkədir. Bu tələbələrin böyük əksəriyyəti iqtisad elmləri (bank işi, audit, marketinq və s.) və beynəlxalq münasibətlər üzrə təhsil alırlar, dəqiq elmlər – kimya, riyaziyyat, tibb, fizika və s. bu kimi elmlər üzrə təhsil alanların sayı isə çox azdır. Amma istedadlı və çalışqan gənclər Azərbaycanda heç də az deyil. Gələcəkdə belə tələbələrin Oksford Universitetində müxtəlif istiqamətlər üzrə təhsil almalarını təşviq etmək, istiqamətləndirmək məqsəd və funksiyalarımızdan biridir. Belə gənclərdə öz savadlarına tələb və inam yaratmaq lazımdır. Onlar həyatda biliklərdən, tərbiyədən və vicdanlarından savayı heç nədən asılı olmamalarının gözəl nəticələrini görməyi bacarmalıdırlar.

Daha sonra Con Bauers və N.Paşayeva Azərbaycanın coğrafi, tarixi-mədəni, mənəvi irsi mövzuları ətrafında söhbət ediblər. Yüksək səviyyədə keçən görüşün sonunda “Brasenose” kollecinin rəhbəri Con Bauers konfransın işinə bir daha uğurlar arzulayıb və artıq Oksfordun bir hissəsi kimi fəaliyyət göstərən və beləliklə, özünü dünyada tanınan, böyük alimlərlə təqdim edən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinə şərəfli və məsuliyyətli yolda qələbələr arzulayıb.

Səfər çərçivəsində iyunun 9-da professor Nərgiz Paşayeva Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının (BAE) baş arxeoloqu doktor Pol Vordsvors ilə birgə Oksford Universitetinin Aşmolean Muzeyində muzeyin Yusif Cəmil Mərkəzinin xüsusi konservasiya şöbəsinin rəhbəri Allessandra Kerreda ilə görüş keçirib. Görüşün məqsədi Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyası çərçivəsində IX-XIII əsrlərə aid olan və Azərbaycana yaxın ərazilərdə tapılan keramika nümunələri ilə tanış olmaq və onları Bərdədə hissə-hissə tapılan (şəkil) oxşar naxışlı keramika növləri ilə müqayisə etmək idi. Qeyd edək ki, 2011-ci ildə eksponatların konservasiyası üçün yaradılan bu şöbə Aşmolean Muzeyinin Yusif Cəmil Mərkəzinə aiddir. (Yousef Jameel Centre http://jameelcentre.ashmolean.org).

Görüş zamanı Alessandra Kereda doktor P.Vordsvors və professor N.Paşayevanı X-XII əsrlərə aid olan bir neçə keramika növü və dahi şair Nizami Gəncəvinin “Yeddi Gözəl” və “Xosrov və Şirin” əsərlərinə aid iki miniatür ilə tanış edib.

Professor N.Paşayevanın və doktor P.Vordsvorsun tanış olduğu ilk saxsı qab XII əsrdə İranda tapılmış bir kasa idi. 1956-cı ildə qədim əşyaların həvəskar kolleksiyaçısı Ser Alen Barlou tərəfindən Aşmolean Muzeyinə hədiyyə edilmiş bu kasanın naxışları X əsrə aiddir və keçən il Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin arxeoloqlarının Bərdədə başladığı arxeoloji qazıntı zamanı aşkar etdiyi kasa hissələrinin (şəkil) naxışlarına uyğun olduğu qeyd edilib. Kasanın ortasında ərəb hərfləri qeyd olunsa da, alimlər bu hərflərin bir məna daşımadığını, sadəcə cızma ilə yaradılmış naxış üslubu olduğunu müəyyən ediblər.

İkinci kasa X əsrdə Nişapur və Səmərqənd civarında tapılıb və 1976-cı ildə qədim əşyaların həvəskar kolleksiyaçısı Cerald Reitlinqer tərəfindən Muzeyə bağışlanıb. Bu kasa fərqli naxışları və hazırlanma qaydaları ilə birinci kasadan fərqlənir və Bərdədə tapılan kasaların bəzi naxışları ilə üst-üstə düşür. Bu kasaya da birinci kasada olduğu kimi, hərflərlə naxışlar vurulsa da, hər hansı bir məna daşımadığı müəyyən edilmişdir.

XI əsrə aid olan üçüncü kasa cızma naxış üslubundan fərqli olaraq müxtəlif rənglərin daha çox abstrakt şəkildə istifadə olunması ilə fərqlənir. Bu kasa da 1956-cı ildə Cerald Reitlinqer tərəfindən Muzeyə hədiyyə edilib.

Dördüncü və beşinci nümunələr - kasa və kuzə XII və XIII əsrlərə aid olub, Rey və Kaşan məktəblərinə xas üslubları ilə seçilir. Bunlar da birinci kasa kimi Sir Alen Barlou tərəfindən 1956-cı ildə Muzeyə hədiyyə edilib.

Nümunələr ilə yaxından tanış olan professor N.Paşayeva onların konservasiyası ilə maraqlanıb və Alessandra Kereda tərəfindən ona bildirilib ki, Aşmolean Muzeyinə bağışlanan hər bir hədiyyə nümunələrin yoxlanması departamentində yenidən yoxlama prosesindən keçirilir və xüsusi hava şəraiti olan otaqlarda saxlanılır. Nümunələr vaxtaşırı təmizlənərək xüsusi diqqət və qayğı ilə qorunur. Öz növbəsində, Muzeydə təqdim olunan keramika materiallarının nümunələri əsasında doktor P.Vordsvors professor N.Paşayevaya Bərdədə tapılan və hazırda Bərdə muzeyində saxlanılan bəzi keramika parçaları haqda məlumat verib, onların elmi və laborator analizləri haqda danışaraq gələcəkdə saxlanılması və konservasiyası haqda fikirlərini bildirib. Azərbaycan alimləri Aləm Nuriyev, İlyas Babayev, Hidayət Cəfərov və başqalarının bu günə qədərki Bərdə ekspedisiyasının əhəmiyyətindən də bəhs edilib. İlk dəfə olaraq Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə arxeoloji layihəsi çərçivəsində Bərdə şəhərindən tapılan maddi-mədəniyyət nümunələri müasir dünya standartlarına uyğun qaydada konservasiya olunaraq saxlanılacaq.

Keramika nümunələrindən fərqlənən və XV-XVI əsrlərdə Şiraz rəsm məktəbinin hazırladığı dahi şair Nizami Gəncəvinin “Yeddi Gözəl” və “Xosrov və Şirin” əsərlərindən miniatürlər də qonaqlara təqdim edilib. Birinci miniatürdə şah Bəhram Gur slavyan şahzadəsinin yanına gələn an təsvir edilir. İkinci miniatür isə Xosrovun Şirinin sarayına gəlib onu görmək arzusunu ifadə edir.

Miniatürlərdə eşq, ehtiras, ülvi duyğular, qorxu, təvazökarlıq və s. hisslər Şiraz məktəbinin gözəl əl işində özünü büruzə verir. ABŞ-ın Los-Anceles şəhərindəki Kaliforniya Universitetində (UCLA) Nizami Gəncəvinin müasir dünya poeziyası ilə müqayisəsini öyrənən və Oksford Universitetinin Şərqşünaslıq fakültəsində İran dili üzrə mütəxəssis kimi fəaliyyət göstərən aspirant Səhba Şəyani miniatürlər barədə professor Nərgiz Paşayevaya ətraflı məlumat verib və mövzu üzrə fikir mübadiləsi aparılıb.

Sonda professor Nərgiz Paşayeva və doktor Pol Vordsvors Oksford Universitetinin Aşmolean Muzeyinin işçiləri ilə gələcəkdə Bərdədə tapılan eksponatların tarixlərinin dəqiqləşdirilməsi, düzgün saxlanılması və konservasiyası sahəsində birgə əməkdaşlıq planlarını müzakirə ediblər. Bununla da elmi-işgüzar səfər başa çatıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London 

Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin beynəlxalq elmi konfransı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib